Yaponiya hökuməti Nüvə silahlarının yayılmaması haqqında müqaviləyə qoşulmalı və nüvə tərk-silahı uğrunda beynəlxalq hərəkata rəhbərlik etməlidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu 2024-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş Yaponiyanın atom bombardmanından sağ çıxanların qurduğu "Nihon hidankyo" assosiasiyasının baş katibinin müavini, 88 yaşlı Mitiko Kodama bildirib.

Onun sözlərinə görə, Yaponiya müharibə şəraitində atom bombardmanlarına məruz qalmış yeganə ölkə olaraq müqaviləyə qoşulmalı və dünyaya nüvə tərk-silahı yolunu göstərməlidir.

Kodama qeyri-nüvə dövlətlərini birləşməyə və nüvə dövlətlərinin məhdudiyyətsiz fəaliyyət göstərməsinə imkan verməməyə çağırıb.

"Nüvə silahı və insan bir araya sığmır", - o bildirib.

Qeyd edək ki, nüvə silahının qadağan olunması haqqında müqavilə 2017-ci il iyulun 7-də BMT tərəfindən qəbul edilib. Sənəd üzrə danışıqlarda Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Fransa da daxil olmaqla, nüvə dövlətləri iştirak etməyib. Yaponiya da bu müqaviləni imzalamayıb və bunu onunla izah edib ki, nüvə dövlətlərinin iştirakı olmadan hazırlanmış sənəd onun müddəalarının səmərəli şəkildə həyata keçirilməsinə imkan verməyəcək.