Ruslar tək bir hücumda Ukraynaya 2,5 dəfə çox - 200-ə qədər ballistik raket atmağı planlaşdırırlar.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert (Madyar) Brovdi “Associated Press”-ə verdiyi müsahibədə deyib.

Brovdinin sözlərinə görə, Rusiya ordusu hazırda eyni vaxtda 77 ballistik raket ata bilir, lakin bu rəqəmi 200-ə çatdırmağı planlaşdırır. Bu, Ukraynanın ən həssas nöqtələrindən biridir, çünki Ukraynanın arsenalındakı yeganə anti-ballistik raket sistemi olan Amerika “Patriot” sistemi üçün raketlər çatışmır - yəni, Rusiyanın kütləvi hücumlar zamanı atdığı onlarla raket hədəflərə dəyəcək.

O, bu raketlərin sayını azaltmağın yeganə yolunun onların istehsalında iştirak edən bütün obyektlərə zərbə endirmək olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Rusiya həmçinin “Starlink” ilə rəqabət aparmaq üçün öz peyk rabitə sistemini qurur: "Bu, bütün planet üçün riskdir, çünki diktatura dünya miqyasında informasiyaya çıxış əldə edəcək”.

“AzPolitika.info”