ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) ölkənin digər kəşfiyyat qurumları və Cənubi Koreya Milli Polisi ilə birlikdə yeni "Gunra" virusunun yayılması barədə xəbərdarlıq yayımlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Xəbərdarlıq mətnində qeyd olunur ki, "Gunra" virusu müxtəlif sahələrdəki şəxsləri, o cümlədən dövlət müəssisələrində və kritik infrastruktura xidmət edən təşkilatlarda çalışanları hədəfə alır.

FTB-nin məlumatına əsasən, bu zərərli proqram iki mərhələdə işləyir: əvvəlcə istifadəçinin cihazındakı məlumatları kopiyalayaraq şifrələyir, daha sonra onları ictimailəşdirməklə hədələyir və kiberhakerlərə pul ödəməyi tələb edir. Virusun ilkin versiyaları 2025-ci ildə aşkar edilsə də, onun kütləvi şəkildə yayılması yalnız bu yay baş verib.

Qurum xatırladıb ki, sözügedən virus təkcə ABŞ-də deyil, eyni zamanda, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionu ölkələrində də yayılıb. Zərərli proqram əsas etibarilə "Windows" əsaslı əməliyyat sistemlərini vurur.(oxu.az)