Rusiyanın ultra-sağçı və radikal qruplaşmaları Balkan yarımadasında öz təsir imkanlarını sürətlə genişləndirirlər. Mərkəzi Rusiyada yerləşən "Rusiya-Slavyan Birliyi və İntibahı" ("RUSOV") hərəkatının Serbiya və Bosniya və Herseqovinasındakı ifrat sağçı qruplarla sıx əlaqələri, habelə Ukraynadakı müharibəyə muzdlu döyüşçülərin cəlb edilməsi mexanizmləri ifşa olunub.

Qərb mediası tərəfindən aparılan genişşaxəli araşdırmaya əsasən, bu əməkdaşlıq təkcə marqinal küçə qrupları ilə məhdudlaşmır; o, eyni zamanda Bosniya və Herseqovinanın tərkibindəki Serbiya Respublikasının rəsmi siyasi dairələrinə və hakimiyyət nümayəndələrinə qədər uzanır.

Gərginliyin və ideoloji təbliğatın real miqyasını nümayiş etdirən əsas hadisələrdən biri "RUSOV" hərəkatının rəsmi "Telegram" kanalında paylaşılan fotoşəkil olub. Fotoda Serbiya Sosialist Partiyasının (SPS) Vişeqrad şəhər məclisindəki deputatı Velibor Zekoviç və "Kosov cəbhəsi" təşkilatının serbiya bölməsinin rəhbəri Jelko Curoviç Zaqlavak dağında "RUSOV"un ultra-sağçı simvolları olan bayrağı ilə poz verirlər.

Məkan təsadüfi seçilməyib: Zaqlavak dağı 1990-cı illərdə Bosniya müharibəsi zamanı rus könüllülərinin serblərlə çiyin-çiyinə döyüşdüyü və üzərində mərmilərdən hazırlanmış memorial xaçın ucaldığı yerdir. Diqqətçəkən əsas məqam odur ki, "Kosov cəbhəsi" Ukrayna rəsmi orqanları tərəfindən Balkan ölkələrindən Rusiya ordusu üçün muzdlu döyüşçü toplayan və onları cəbhəyə göndərən təşkilat kimi "qara siyahı"ya salınıb.

Banya-Lukadan olan tədqiqatçı-jurnalist Corce Vuyatoviç bildirir ki, özlərini "sosialist" adlandıran yerli partiyaların Rusiya radikalları ilə açıq müttəfiqliyi heç də təsadüf deyil: "Əsas siyasi elita birbaşa Rusiya Federasiyası ilə sıx bağlıdır. Siyasətçilər tarixi bağlar, pan-slavizm və pravoslavlıq kartından istifadə edərək daxili auditoriyanın rəğbətini qazanır və bunu hakimiyyətdə qalmaq üçün əsas alətə çevirirlər. Məsələn, Serb Respublikasının yüksək rütbəli rəsmiləri dəfələrlə ABŞ-nin "qara siyahı"sına düşmüş "Gecə qurdları" bayker klubunun rəhbəri Aleksandr Zaldostanovla ("Xirurq") birgə tədbirlərdə iştirak ediblər".

Ekspertin fikrincə, daxildəki bu populizm Rusiyadakı ultra-sağçıların öz ideologiyalarını sərhədlərdən kənara çıxarmaq maraqları ilə tam üst-üstə düşür.

Bosniya və Herseqovina qanunvericiliyi xaricdəki hərbi əməliyyatlarda iştirak edən vətəndaşlar üçün ciddi həbs cəzaları nəzərdə tutsa da, yerli hakimiyyət orqanları Rusiya tərəfində döyüşən serblərə qarşı susqunluq nümayiş etdirir. Buna səbəb həmin şəxslərin bir çoxunun artıq Rusiya vətəndaşlığını qəbul etməsidir. Avropolun hesabatlarına görə, "Vaqner" və "Redut" kimi Rusiya özəl hərbi şirkətlərinin (XBK) tərkibində yüzlərlə Balkan mənşəli muzdlu identifikasiya edilib. Bu şəbəkənin ən parlaq fiquru Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının (QRU) polkovniki rütbəsini daşıyan, Ukraynada hərbi cinayətlərdə ittiham olunan Bosniya serbi, "Volki" muzdlu batalyonunun komandiri Davor Saviçiçdir. "Dunay" və "Sava" təxəllüslü Bosniya və Herseqovina vətəndaşları (İnterpol tərəfindən axtarışdadırlar) işğalçı "Sudoplatov" batalyonu tərkibində döyüşdüklərini bildirən videolar paylaşıblar. Onların geyimlərində "RUSOV" hərəkatının "Qızıl qartal və günəş xaçı" simvolları əks olunub.

2012-ci ildə təməli qoyulan "RUSOV" hərəkatı öz rəsmi manifestində "Tarixi Rusiyanın bərpası"nı və slavyanların dünyadakı əsas müdafiəçisi rolunu özünə missiya seçib. Hərəkatın rəhbəri Andrey Rodionov 2014-cü ildən etibarən Donbasda separatçıların tərəfində döyüşüb və "Feniks" dəstəsini təşkil edib.

Rodionovun Balkanlar üzrə fəaliyyət xronologiyası olduqca zəngindir:

Ölkə / Region Fəaliyyət forması və istiqaməti

Şimali Makedoniya2018-ci ildə Skopye yaxınlığında "Qədim Rusiyanın döyüş sənətləri və mənəvi ənənələri" adı altında gənclər üçün hərbi-idman düşərgəsi təşkil edib.

Serbiya (Belqrad) miqrant əleyhinə kütləvi aksiyalar keçirən radikal "Xalq patrulu" (Damnyan Knejeviç) və "Serbiya şahini" ultra-sağçı qruplaşmaları ilə hərbi-siyasi koordinasiya qurub.

İşğal altındakı Donetsk 2025-ci ilin görüntülərində Rodionovun "Serbiya şahinləri"nin silahlı və maskalı üzvləri ilə birgə cəbhə xəttində Rusiya tərəfindən döyüşdüyü təsbit edilib.

Təqdim olunan faktlar göstərir ki, Rusiyanın ultra-sağçı dairələri Balkan regionunu təkcə ideoloji təbliğat zonası kimi deyil, həm də Ukraynadakı müharibə üçün canlı qüvvə toplayan, Qərbin cənub-şərq cinahında sabitliyi pozan strateji alət kimi istifadə edirlər. Yerli siyasətçilərin bu prosesə göz yumması və ya dolayısı ilə dəstək verməsi isə regionun gələcək təhlükəsizliyi üçün böyük risklər vəd edir.

Rasim Əliyev

“AzPolitika.info”