Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (MI6) keçmiş rəhbəri Riçard Dirlav və tanınmış hərbi analitik Maykl Kofman Ukraynadakı müharibənin gedişatı və Rusiya Silahlı Qüvvələrinin hazırkı vəziyyəti ilə bağlı diqqətçəkən təhlillə çıxış ediblər. Ekspertlərin qənaətinə görə, bu müharibə Rusiya üçün faktiki olaraq "müasir müharibənin sürətləndirilmiş təlim kursuna" çevrilib.

Analitiklər hesab edir ki, Rusiya ordusunun əsas zəif nöqtəsi canlı qüvvənin, xüsusən də təcrübəli piyada və komandir heyətinin keyfiyyətcə itirilməsidir. Bu səbəbdən Moskvanın genişmiqyaslı hücum əməliyyatları keçirmək imkanlarını bərpa etməsi üçün 5–7 il vaxt lazımdır. Hazırda Rusiya komandanlığı əsasən kiçik qruplarla hücum taktikasına üstünlük verir. Bununla belə, Rusiyanın güclü tərəfləri də az deyil. Ekspertlər xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi tətbiqini – milyonlarla taktiki və yüz minlərlə uzaqmənzilli dronların istehsalı və tam formalaşmış "kəşfiyyat–zərbə" sistemini önə çəkirlər.

Təhlildə NATO ölkələrinin ordularındakı ciddi problemlərə də toxunulur. Qeyd olunur ki, təlimlər zamanı Qərb hərbçiləri Ukrayna ordusunun döyüş təcrübəsinə malik bölmələrinə davamlı olaraq məğlub olurlar. Bu da Qərbin hərbi doktrinasının müasir dron və REB (Radioelektron Mübarizə) müharibəsinə tam uyğunlaşmadığını göstərir.

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya tərəfindən NATO üzvü olan hər hansı bir ölkəyə qarşı məhdud (hibrid və ya lokal) hücum riski artıq 2026–2029-cu illərdə real müstəviyə keçə bilər.

Rasim Əliyev

"AzPoıitika.info"