Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç, mühacirətdəki rusiyalı “liberal” Yuliya Latınina ilə əməkdaşlığa son qoyub.
“AzPolitika” xəbər verir ki, bu barədə Arestoviçin özü son efirində məlumat verib.
Arestoviç Latıninanı birtərəfli təbliğatda günahlandıraraq onunla yayımı davam etdirməkdən imtina edib. O, artıq birmənalı olaraq Kremlin mövqeyini dəstəkləməyə başlayan rusiyalı “liberal müxalifətçi” Yuliya Latınina ilə birgə yayımlar aparmaq niyyətində olmadığını açıqlayıb. Zelenski hökumətinə müxalif mövqedə duran Arestoviçin sözlərinə görə, Latınina son zamanlar Rusiyanın müharibəyə görə daşıdığı məsuliyyət barədə danışmağı dayandırıb və yalnız Ukrayna tərəfini tənqid etməklə məşğuldur.
Arestoviç hesab edir ki, belə birtərəfli yanaşma təbliğat xüsusiyyətlərini daşıyır və buna görə də Latınina ilə birgə yayımı davam etdirməyəcək.
Qeyd edək ki, adını “liberal” qoysa da, öz imperiyaçı, şovinst baxışlarını gozlətməkdə çətinlik çəkən Latınina artıq xeyli vaxtdır üstüörtülü, bəzənsə tam açıq şəkildə Putinə və onun işğalçılıq müharibəsinə, imperiyaçılıq siyasətinə haqq qazandırır, Ukrayna hakimiyyətini bu və ya digər “günahlarına” görə qınayır. Onu da əlavə edək ki, Latınina hər zaman anti-müsəlman, xüsusilə də anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə seçilib.
“AzPolitika.info”

Şərhlər