İşğal altında olan Krımdakı Sevastopol, Ukrayna dronlarının kütləvi hücumundan sonra elektriksiz qalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə şəhərin Rusiya tərəfindən təyin olunmuş “qubernatoru” Mixail Razvojayev məlumat verib.
O, əhaliyə müraciətində bildrib: "Obyektlərdə xüsusi rejim tətbiq edilib; mütəxəssislər zərərin miqyasını qiymətləndirir və enerjini bərpa etmək üçün əllərindən gələni edirlər".
Razvojayev Sevastopol sakinlərinə telefon batareyalarını qorumağı tövsiyə edib və enerji bərpa edildikdən sonra şəbəkəni həddindən artıq yükləməməyi xahiş edib. O, həmçinin “düşmənin” əhali arasında panika yaratmağa çalışdığını deyərək sakitliyə çağırıb.
"Krımskiy Veter" kanalının məlumatına görə, yarımadanın əsas elektrik yarımstansiyalarından biri olan Balaklava İstilik Elektrik Stansiyası, eləcə də Sevastopolu su ilə təmin edən böyük su elektrik stansiyası vurulub. Krım sakinləri həmçinin dron uçuşları və Tavriçeskaya İstilik Elektrik Stansiyası yaxınlığında atəş səsləri barədə məlumat veriblər.
Sevastopolda 27 iyulda da elektrik kəsilməsi baş vermişdi. Razvojayev bunu elektrik şəbəkələrinin həddindən artıq yüklənməsi ilə əlaqələndirsə də, gerçək səbəb Ukraynanın dron hücumları idi. Həmçinin iyul ayında elektrik enerjisi çatışmazlığı səbəbindən Sevastopolda gündə cəmi altı saat işıq verilmişdi. İndi isə yenidən buna bənzər situasiya yaranır.
Ukrayna hakimiyyəti daha əvvəl Krımı təcrid etmək niyyətini açıqlayıb. Yanacaq və enerji obyektləri ilə yanaşı, yarımadanın nəqliyyat infrastrukturu, eləcə də Krımı təchiz edən Rusiya gəmiləri hədəfə alınıb. Bu fonda Krım və Sevastopol sakinləri ərzaq təchizatında fasilələr və onların satışına məhdudiyyətlər olduğunu bildirirlər.
“AzPolitika.info”

Şərhlər