Sumqayıtın Corat bağları ərazisində, Vüsal Allahyarov və Məhəmməd Nadir Rzayev küçələrinin sakinləri uzun müddətdir davam edən su probleminin həll olunmamasından narazıdırlar.

"AzPolitika" xəbər verir ki, sakinlərin sözlərinə görə, xüsusilə yay aylarında ərazidə su qıtlığı daha da kəskinləşir. Ev təsərrüfatlarının su təminatı üçün müxtəlif üsullara əl atmalı, hətta qonşulardan su götürməli olurlar.

78 yaşlı sakinlərdən biri bildirib ki, iyunun əvvəlindən etibarən su əldə etmək ciddi problemə çevrilib. Onun sözlərinə görə, su gətirmək üçün avtomobilindən istifadə edir və bu, əlavə xərc və çətinlik yaradır.

Digər sakin isə problemin yeni olmadığını deyib. Onun sözlərinə görə, 2003-cü ildən həmin ərazidə yaşayır və o vaxtdan bəri yay mövsümündə su çatışmazlığı təkrarlanır. Aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problemin aradan qaldırılması ilə bağlı nəticə olmayıb.

Sakinlər su təchizatının bərpa olunmasını və problemin birdəfəlik həll edilməsini istəyirlər. (Milli.az)