Tanınmış hərbi analitik Maykl Kofmanın aparıcı Qərb nəşrlərində dərc olunan son təhlilləri Ukraynadakı müharibənin gedişatında mühüm dəyişikliklərin baş verdiyini göstərir. Ekspertin qənaətlərinə görə, tərəflərin resursları və hərbi strategiyaları yeni sınaq mərhələsinə qədəm qoyub.

Hazırda Ukrayna qüvvələri mövqelərini stabilləşdirməyə müvəffəq olub. Digər tərəfdən, Rusiyanın genişmiqyaslı hücum potensialı özünün kritik həddinə çatıb. Döyüş meydanının kəşfiyyat vasitələri, FPV-dronlar və minalarla sıx şəkildə təchiz edilməsi hər hansı irəliləyişi həddindən artıq ləng, ağır və verilən itkilərlə qeyri-adekvat edir. Müharibə faktiki olaraq mövqe tarazlığı mərhələsinə keçib.Rusiya hərbi-siyasi rəhbərliyinin qarşıya qoyduğu siyasi hədəflər reallıqdan getdikcə uzaqlaşır. Bunun əsas səbəblərindən biri yerlərdəki komandirlərin həqiqi vəziyyəti gizlətməsi, uğurları süni şəkildə şişirtməsi və hesabatları təhrif etməsidir. Nəticədə, Kreml qərarları real vəziyyətə deyil, təhrif olunmuş məlumatlara əsaslanaraq qəbul edir.

Müqavilə bağlamaq üçün təklif edilən maliyyə bonusları və ödəmələr tədricən öz potensialını tükədir. Rusiya ordusu yalnız kəmiyyət baxımından deyil, həm də kəskin kadr çatışmazlığı ilə üz-üzədir. Xüsusilə hücum əməliyyatları üçün zəruri olan hazırlıqlı piyada qüvvələrinin, eləcə də PUA operatorları və texniklər kimi dar ixtisaslı mütəxəssislərin çatışmazlığı hərbi planlaşdırmanı çətinləşdirir.

Mövcud şəraitdə yeni, genişmiqyaslı açıq səfərbərliyin qaçılmaz olduğunu söyləmək hələ tezdir. Müvafiq hərbi və iqtisadi markerlərin müşahidə olunmaması göstərir ki, Kreml daxili sosial-siyasi sabitliyi qorumaq üçün bu sərt addımdan hələlik qaçmağa çalışır. Mövcud boşluqlar isə gizli səfərbərlik tədbirləri və artırılan maliyyə stimulları vasitəsilə doldurulmağa çalışılır.

Rasim Əliyev

“AzPolitika.info”