İtaliyanın Kolleferro şəhərində "Knds Ammo Italy" döyüş sursatı istehsalı zavodunda yanğın və partlayış baş verib.

"Report" ANSA-ya istinadən xəbər verir ki, ehtimala görə, barıt presləmə sexindəki sıxac maşını alışıb.

"Qəzanın şəraiti hazırda hadisə yerindəki operativ qruplar tərəfindən araşdırılır və qiymətləndirilir", - şirkətdən qeyd edilib.

Dəqiqləşdirilib ki, yanğınsöndürənlərlə polis zavoda yanğın zamanı və partlayışdan əvvəl gəliblər. Həmin gün işləyən 24 zavod əməkdaşının hamısı vaxtında təxliyə olunub.

Təhlükəsizlik səbəbindən yaxınlıqdakı yollar bağlanıb.

Qeyd edək ki, "Knds Ammo Italy" şirkəti quru və dəniz müdafiəsi üçün orta və iriçaplı döyüş sursatları, eləcə də aerokosmik texnika üçün bərk yanacaq istehsal edir.