Rusiyada Kremlin hərbi təcavüzünü açıq şəkildə dəstəkləyən, lakin yerli məmurları və müəyyən idarəetmə qüsurlarını tənqid edən Z-fallı siyasətçi, bloqer və "hərbi müxbirlər"ə karşı genişmiqyaslı təzyiq dalğası başlayıb. Sistem artıq təkcə liberal müxalifəti deyil, xəttən azacıq kənara çıxan ultra-millətçi tərəfdarlarını da sıradan çıxarır.
“AzPolitika” xəbər verir ki, Qərb mediası Kremlin Z-düşərgəsinə qarşı tətbiq etdiyi yeni repressiya mexanizmləri və bunun siyasi nəticələri barədə geniş analitik material dərc edib.
Dövlət Dumasının Rusiya Federasiyası Kommunist Partiyasından (KPRF) olan deputatı Mixail Matveyevə qarşı başlanan məhkəmə prosesi bu təzyiqlərin bariz nümunəsidir. Müharibəni dəstəkləyən və radikal anti-miqrant ritorikası ilə tanınan Matveyev Dövlət Dumasına seçkilərdən kənarlaşdırılır. Formal bəhanə kimi onun seçki çarxlarında Amerikanın "Microsoft" korporasiyasının müəllif hüquqlarını pozması göstərilir.
Matveyev bu addımı "federal səviyyədə legitimliyin çöküşü" adlandırıb.
Siyasətçi Yevgeni Stupin bildirir ki, müəllif hüquqlarının pozulması ittihamı əvvəllər tətbiq olunan "ekstremist simvolika" bəhanəsinin yeni analoqudur:
"Kreml üçün sizin ultra-patriot, solçu və ya liberal olmağınızın heç bir fərqi yokdur. Sizə verilən təlimatları sözsüz icra etməlisiniz. Əks halda müharibə tərəfdarı olsanız belə, sizi Z-müxbir Roman Alyoxin və ya politoloq Sergey Markov kimi 'xarici agent' və ya cinayətkar elan edəcəklər".
Kremlin daha bir qurbanı – əslən Ukraynadan olan tanınmış pro-Kreml təbliğatçısı və bloqer Tatyana Montyandır. Ukraynada dövlətə xəyanətdə suçlanan Montyan indi də Rusiyada "ekstremizm və terrorizmə çağırış" maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub, evində FSB tərəfindən axtarış aparılıb.
Jurnalist Denis Kazanskinin sözlərinə görə, Montyan illərlə Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etsə də, işğal altındakı Donetskdə qondarma "DNR" rəhbəri Denis Puşilinin korrupsiya əməllərini və su krizisindən pul qazanmasını ifşa etdiyi üçün vurulub:
"Montyan Rusiyanın ordusundakı problemlər, canlı qüvvə çatışmazlığı və hərbçilərin Donetskdə yerli sakinləri öldürərək cəsədləri mədənlərə atması barədə çox danışdı. Ukraynadan Rusiyaya keçən xainlər Kremlin gözündə hər zaman 'ikinci dərəcəli' insan hesab olunur. Moskva onları heç vaxt özününkü saymır və istənilən an bir kənara atır."
Ekspertlərin fikrincə, Z-fəallarının və daxili kritiklərin kütləvi şəkildə neytrallaşdırılması Rusiya siyasi sistemindəki dözümsüzlüyün son həddə çatdığını göstərir. Müharibə tərəfdarlarının Kremlin şərtlərini tam sorğusuz qəbul etmədiyi təqdirdə cəzalandırılması, hakimiyyətin öz daxili dəstəkçiləri arasında da etimad krizisi və məyusluq yaradır.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər