Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Dəmir Yollarından (RJD) gələn kəskin xəbərdarlıqdan sonra İrəvanın Cənubi Qafqaz Dəmir Yolları ilə bağladığı güzəşt (imtiyaz) müqaviləsini ləğv etmək niyyətində olmadığını bəyan edib. İki həftə əvvəl məsələni beynəlxalq arbitraja aparacağını bildirən Paşinyan, indi Rusiya ilə gərginliyi dostanə müstəvidə həll etməyə üstünlük verdiyini vurğulayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb.
Moskva İrəvana xəbərdarlıq edib ki, müqavilə ləğv ediləcəyi və ya idarəçilik başqa ölkəyə veriləcəyi təqdirdə, Ermənistan 2008-ci ildən bəri dəmir yolu infrastrukturuna qoyulmuş təxminən 400 milyon dollar həcmindəki bütün investisiyaları Rusiyaya geri ödəməlidir.
Hökumət rəhbəri artıq müqavilənin ləğvini yox, hər iki tərəf üçün əlverişli ola biləcək yeni modelləri nəzərdən keçirdiklərini bildirib: "Yaxşı tərəfi odur ki, rusiyalı tərəfdaşlarımız imtiyaz hüquqlarını normal bazar qiyməti ilə üçüncü tərəfə satırlar. Ekspertlər obyektin qiymətləndirilməsini aparır və kifayət qədər ciddi məbləğlərdən söhbət gedir. Biz indi müxtəlif variantlara baxırıq. Məsələn, müəyyən bir payın saxlanılması, digər hissənin özgəninkiləşdirilməsi və ya lisenziyanın iki hissəyə - altyapı və dəmir yolu istismarına bölünməsi kimi modellər mümkündür”.
Moskva hələlik Paşinyanın bu yeni təkliflərinə rəsmi cavab verməyib. Altı ay əvvəl Ermənistan dəmir yollarının Rusiya idarəçiliyi altında olmasının rəqabət üstünlüyünü itirdiyini iddia edən Paşinyan, bu dəfə mövqeyini tamamilə dəyişib. O, Rusiya rəhbərliyi ilə heç bir problemlərinin olmadığını, Rusiyanın maraqlarına hörmətlə yanaşdıqlarını qeyd edib.
Paşinyanın sözlərinə görə, əsas problem Rusiya hökumətinin Ermənistan dəmir yollarının beynəlxalq şəbəkəyə inteqrasiya olunmasına mane olması və xarici investorların bu səbəbdən sektora maraq göstərməməsidir.
Qırğızıstanda keçirilən Avrasiya İqtisadi Birliyinin (AİƏB) son iclasına toxunan Ermənistan Baş naziri, Rusiyanın gözləntilərinin reallığı əks etdirmədiyini və erməni mallarının ixracına tətbiq edilən məhdudiyyətlərin ləğv olunmasına nail ola bilmədiyini etiraf edib.
Bununla belə, Paşinyan İrəvanın AİİB-ə sadiqliyini növbəti dəfə təsdiqləyib və Avropa İttifaqına üzvlüklə bağlı referenduma ehtiyac olmadığını növbəti dəfə bəyan edib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər