Fransanın Konstitusiya Şurası cümə günü 15 yaşadək şəxslərin sosial şəbəkələrə girişini qadağan edən qanun layihəsinin qarşısını alıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Şura bildirib ki, qanun layihəsi ifadə və ünsiyyət azadlığını pozur. Bu qərar qanunvericiliyin yenidən hazırlanmasını hökumətdən istəyən Prezident Emmanuel Makron üçün geriləmə olub.
Qanun layihəsi sentyabrın 1-dən etibarən 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasını qadağan etməli idi. Artıq açılmış hesablar isə sosial şəbəkə platformaları tərəfindən dörd ay ərzində bağlanmalı və platformalar Fransanın məxfilik üzrə tənzimləyicisi tərəfindən təsdiqlənmiş yaş yoxlama sistemindən istifadə etməli idi.
Lakin Fransanın Konstitusiya Şurası müəyyən edib ki, qanun layihəsi hər kəsdən yaşını təsdiqləməsini tələb etsə də, bunun hansı “şərtlər və məhdudiyyətlər” çərçivəsində həyata keçirilməli olduğunu müəyyən etmir. Şura, həmçinin layihənin azadlıqları və şəxsi həyatın toxunulmazlığını pozduğunu bildirib.
Şuranın məlumatında qeyd edilib ki, mübahisələndirilən müddəalar, bir tərəfdən ifadə və ünsiyyət azadlığını qeyri-mütənasib şəkildə məhdudlaşdırır, digər tərəfdən isə şəxsi həyata hörmət hüququnun təmin edilməsi üçün zəruri hüquqi təminatları nəzərdə tutmur.
Məlumata görə, fransalı deputatlar qanun layihəsini iyul ayında təsdiqləyərək Avropada bu istiqamətdə addım atan ilk ölkə olublar. Avstraliya isə dekabr ayında 16 yaşadək şəxslərin “Facebook”, “Snapchat”, “TikTok” və “YouTube” daxil olmaqla platformalara girişini qadağan edən dünyada ilk ölkə olub. Avstraliyada qadağanın ilkin nəticələrinin gözlənilən qədər effektiv olmadığı barədə məlumatlardan sonra daha sərt cəzaların tətbiqi nəzərdən keçirilir.
Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə də daxil olmaqla dünyanın müxtəlif ölkələri gənclərin sosial şəbəkələrə girişini məhdudlaşdırmaq və ya qadağan etmək məqsədi daşıyan tədbirlər tətbiq edib və ya belə tədbirlər planlaşdırdıqlarını açıqlayıblar.
Avropa İttifaqı uşaqların sosial şəbəkələrin zərərli xüsusiyyətlərindən daha güclü müdafiəsini təmin etmək üçün tədbirlər görəcəyini bildirib.
Sosial şəbəkə şirkətləri ümumilikdə genişmiqyaslı qadağalara qarşı çıxır və gənc istifadəçilərin qorunması üçün yaş məhdudiyyətləri də daxil olmaqla artıq müvafiq tədbirlərin mövcud olduğunu bildirirlər. Bununla belə, şirkətlər hökumətlərin qadağalarına əməl edəcəklərini də açıqlayıblar.
Yelisey Sarayının məlumatına görə, Makron apreldə yeniyetmələri daha yaxşı vətəndaş olmaq üçün cihazlarını söndürməyə və kitab oxumağa çağırdıqdan sonra Baş nazir Sebastyan Lekornuya qanun layihəsini Konstitusiya Şurasının narahatlıqlarını nəzərə alaraq yenidən hazırlamaq tapşırığı verib.
Yelisey Sarayı bildirib ki, Makron islahatın 2027-ci ilin yazından əvvəl qüvvəyə minməsində qətiyyətlidir. Həmin dövrdə Fransada prezident seçkiləri keçiriləcək. Makron üçüncü müddətə prezidentliyə namizəd ola bilməz. /Trend

Şərhlər