ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evdə inşa edilən 400 milyon dollarlıq bal zalı layihəsi ilə bağlı hüquqi mübarizəni Ali Məhkəməyə daşıyıb.

Administrasiya layihənin qarşısının alınmaması üçün cümə günü ABŞ Ali Məhkəməsinə rəsmi müraciət edərək, aşağı instansiya məhkəmələrinin tikintinin dayandırılması ilə bağlı qərarının ləğv edilməsini istəyib.

ABŞ Baş prokurorunun müavini Con Sauer tərəfindən təqdim olunan müraciətdə bal zalının həm milli təhlükəsizlik, həm də Tramp və ailəsinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Administrasiya məhkəmədən tikintinin dayandırılması barədə qərarın aradan qaldırılmasını və layihənin davam etdirilməsinə icazə verilməsini tələb edib.

Ali Məhkəmənin müdaxilə etməməsi halında isə layihə üzrə işlərin 21 avqustda dayandırılmasının planlaşdırıldığı açıqlanıb.

Layihə ilə bağlı hüquqi mübahisə bir müddətdir davam edir. ABŞ-da federal apellyasiya məhkəməsi 7 avqustda çıxardığı qərarla Tramp administrasiyasının Konqresin razılığı olmadan Ağ Ev ərazisində bal zalı inşa edə bilməyəcəyinə hökm edib.

Bundan əvvəl yerli məhkəmə 16 apreldə bal zalının tikintisinin dayandırılması barədə qərar vermişdi. Tramp administrasiyası isə həmin qərardan apellyasiya şikayəti vermişdi.

"AzPolitika.info"