ABŞ-nin onları sülh prosesindən kənarlaşdıracağından ehtiyat edən üç Avropa ölkəsi - Fransa, Almaniya və Böyük Britaniya Ukrayna üzrə danışıqlarda iştiraklarını təmin etmək və öz maraqlarını qorumaq üçün birgə fəaliyyətə başlayıb.
"AzPolitika" xəbər verir ki, "The New York Times" qəzetinin yazdığına görə, diplomatlar və ekspertlər Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda ciddi sülh razılaşmasına hazır olacağını göstərən əlamətlərin az olduğunu bildirsələr də, Avropa üçlüyü danışıqlar üçün öz planını hazırlayır. Nəşr qeyd edir ki, Fransa və Almaniya Avropa mövqeyinin formalaşmasında aparıcı rol oynayır, Böyük Britaniya isə Tramp administrasiyası ilə münasibətlərini nəzərə alaraq daha ehtiyatlı davranır.
Vaşinqton və Moskvanın gizli razılaşması riski
"Ukraynadakı vəziyyətin nizamlanması və Rusiya ilə münasibətlərin gələcəyi Avropa üçün gözlənilməz olan Tramp administrasiyasının öhdəsinə buraxıla bilməz. Avropalılar Vaşinqton və Moskvanın onların başı üzərindən hər hansı razılaşma əldə etməyəcəyinə əmin olmaq istəyirlər", - NYT yazır.
Müharibənin gələcəyinə dair proqnozlar
Qərb rəsmiləri və analitikləri müharibənin daha da dağıdıcı fəsadlar törədəcəyini proqnozlaşdırırlar. Belə ki, Putinin Ukrayna mövqelərinə və mülki infrastrukturuna hücumları intensivləşdirəcəyi gözlənilir. Ehtimallara görə, Rusiya rəhbərliyi sentyabrın ortalarında keçiriləcək parlament seçkilərindən sonra yeni səfərbərlik dalğası haqqında fərman imzalaya bilər. Hətta bəzi ekspertlər küncə sıxışdırılmış Putinin Avropada hibrid hücumları artıraraq NATO həmrəyliyini sınağa çəkə biləcəyindən ehtiyat edirlər.
"Rəsmilər və analitiklər bildirirlər ki, əgər ruslar 2027-ci ilin payızına qədər bu məqsədə çata bilməsələr, danışıqların baş tutması ehtimalı daha da artacaq. Əsas qərarlar isə indidən verilməlidir."
Danışıqlar masasında kimlər olacaq?
Üç Avropa rəsmisinin sözlərinə görə, Böyük Britaniya, Fransa və Almaniya Ukraynanı dəstəkləyən əsas danışıqlar aparan tərəf kimi çıxış etməlidir. Onlar "könüllülər koalisiyası"nın nüvəsini təşkil edir və sülh əldə olunduqdan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri variantlarını hazırlayıblar.
Bununla yanaşı, Baltikyanı ölkələr və Macarıstan kimi bəzi dövlətlər Almaniya və Fransanın onların maraqlarını tam təmsil edəcəyinə şübhə ilə yanaşırlar.
Almaniya kansleri Fridrix Merz sözügedən üç ölkənin "Ukraynanın birbaşa xahişi ilə" hərəkət etdiyini vurğulayıb: "Böyük Britaniya, Almaniya və Fransa sıx əməkdaşlıq edir. Onlar Avropanın böyük dövlətləridir və Ukraynaya hərbi dəstəkdə əhəmiyyətli paya sahibdirlər".
Kremlin rədd cavabı və seçki faktoru
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün amerikalı vasitəçilərə öz təkliflərini təqdim etdiyini bildirmişdi. "Reuters" agentliyinin məlumatına görə, avqustun 13-də Kiyev Rusiyanın Qara dənizdəki zərbələri dayandırması təklifi ilə çıxış edib.
Lakin Kreml atəşkəs ssenarilərini rədd etməkdə davam edir. Müharibənin Araşdırılması İnstitutunun (ISW) təhlillərinə görə, Moskvanın bu mövqeyi Dövlət Dumasına seçkilər ərəfəsində Rusiya cəmiyyətini müharibəpərəst platforma ətrafında konsolidasiya etmək məqsədi daşıyır.
E. Səlimov
AzPolitika.info

Şərhlər