Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz metro hərəkətindəki məhdudiyyətlər fonunda təşkil olunan ekspress avtobuslarda sərnişinlər üçün güzəştli gediş haqqı tətbiq olunmamasını tənqid edib.
Ekspert AYNA sədri Anar Rzayevin bu təklifə qarşı irəli sürdüyü arqumentləri “təəccüblü” adlandırıb. Xatırladaq ki, A.Rzayev pulsuz daşınmanın mümkün olmadığını şəhərdə sərnişin axınını “metrodan çıxan” və “küçədən minən” kimi ayırmanın çətinliyi ilə əsaslandırıb.
O.Gündüz bildirib ki, AYNA rəhbərinin “qarışıqlıq olacaq” arqumenti klassik, oflayn sərnişin idarəetməsi üçün məntiqli görünsə də, rəqəmsal transformasiya dövründə bu yanaşma qəbuledilməzdir: “Axı rəqəmsallaşma elə bu tip problemləri həll etmək üçündür. Dünyada belə məsələlər sərnişini fiziki olaraq ayırmaqla deyil, rəqəmsal ödəniş sisteminin transferi tanıması ilə həll edilir. Bizdə də BakıKart, QR və NFC kimi rəqəmsal ödəniş imkanları, habelə müvafiq baza mövcuddur. Sistem metrodan çıxmış sərnişinin müəyyən vaxt ərzində avtobusa keçidini tanıya və ona güzəştli transfer tətbiq edə bilər”.
AİF prezidenti vurğulayıb ki, AYNA-nın öz informasiya sistemlərinin təkmilləşdirilməsi üçün yaxınlarda təxminən 14 milyon manatlıq satınalma elan etməsi fonunda səsləndirilən bu bəhanə xüsusilə düşündürücüdür: “Dövlətin zəruri layihəsi nəticəsində sərnişinlərin, xüsusilə tələbələrin aylarla əlavə xərc çəkməsini normal hesab etmək olmaz. Metropolitendə görülən işlər təqdirəlayiqdir, lakin ictimai nəqliyyatda inteqrasiya və vahid idarəetmə prinsiplərinə uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məsələyə müdaxilə etməli və güzəştli transfer modelinin hazırlanmasına dəstək verməlidir”.
Osman Gündüzün fikrincə, Prezidentin vahid rəqəmsal arxitekturanın qurulması ilə bağlı tapşırıqlarının mahiyyəti də məhz budur: fiziki olaraq ayıra bilmədiyimizi data və texnologiya vasitəsilə ayıra bilmək.
Rasim
"AzPolitika.info"

Şərhlər