Polşanın Baş naziri Donald Tusk bildirib ki, Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləmək Kiyevə xidmət etmək deyil, birbaşa Polşanın öz təhlükəsizliyini təmin etməsidir.
"AzPolitika" xəbər verir ki, bu barədə "Slawa TV" məlumat yayıb.
"Polşa-Ukrayna münasibətlərini müzakirə etmək olar, lakin heç kim şübhə etməməlidir ki, Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləmək öz təhlükəsizliyimizlə bağlıdır. Biz bunu başqası üçün deyil, sırf özümüz - polşalılar üçün edirik", - deyə o vurğulayıb.
Polşanın təhlükəsizliyinin 4 ana sütunu
Baş nazir ölkəsinin təhlükəsizliyini təmin edən dörd əsas amili qeyd edib:
Sərhədlərin möhkəmləndirilməsi: Rusiya və Belarusla sərhədlərin gücləndirilməsi.
Real ittifaqlar və çevik xarici siyasət: "Şərq Qalxanı" layihəsi, Baltik dənizinin təhlükəsizliyinin təmin edilməsi, Fransa və Böyük Britaniya ilə müdafiə sazişləri, eləcə də Ukraynaya dəstək.
Hərbi sərmayələr: Orduya irimiqyaslı investisiyaların yatırılması.
Güclü iqtisadiyyat: Artım tempinə görə Almaniyanı geridə qoyan iqtisadi model.
"Polşa dövlətinə zərər vurmaq istəyənlər ölkə daxilində özlərinə tərəfdaş tapsalar, bu dörd sütun effektiv olmayacaq. Tariximiz həm də xəyanətlər, sadəlövh ağılsızlıqlar və eqoist maraqlar tarixidir", - deyə Tusk xəbərdarlıq edib.
O əlavə edib ki, bu dörd sütunun hər birinə təkcə Moskvadan deyil, ölkə daxilindən də müntəzəm olaraq hücum cəhdləri olur. Siyasətçi, həmçinin SAFE müdafiə layihəsini bloklamaq və Polşanı müttəfiqlərindən təcrid etmək cəhdlərinə diqqət çəkib.
"Bəzi siyasi partiyalar və siyasətçilər polşalılara problemin Avropada olduğunu, düşmənin Ukrayna, daha böyük təhlükənin isə Almaniya olduğunu təlqin etməyə çalışırlar. Həmin qüvvələr nədənsə Ukraynada müharibə aparan əsas təhdidi - Rusiyanı unudurlar", - deyə Baş nazir fikrini tamamlayıb.
Qeyd edək ki, daha əvvəl Polşanın yaxın həftələrdə Ukraynadan göndəriləcək çoxsaylı dron və texnologiyalar müqabilində bu ölkəyə "MiG-29" qırıcı təyyarələrini təhvil verəcəyi bildirilib.
E. Səlimov
AzPolitika.info

Şərhlər