Rusiya-Ukrayna müharibəsi Donbasda həlledici və son dərəcə kritik mərhələyə qədəm qoyur. Rusiya ordusu Slavyansk-Kramatorsk aqlomerasiyasını ələ keçirmək üçün hücum təzyiqini artırır. Qeyd edək ki, 2014-cü ildə ruslar bu şəhərləri istehkama çevirsələr də, Ukrayna qüvvələri cəmi iki həftəyə onları demək olar ki, döyüşsüz azad etmişdi. İndi isə vəziyyət köklü şəkildə fərqlidir.

Cəbhədəki mövcud vəziyyəti təhlil edən ukraynalı tanınmış hərbi ekspert Yuri Butusov xəbərdarlıq edib ki, Slavyansk və Kramatorskun itirilməsi Kiyevi faktiki olaraq təslim olmağa məcbur edə bilər.

Butusovun sözlərinə görə, düşmən hazırda Slavyanskın şərq kənarındakı Çobitok meşəsinə və bir neçə strateji yüksəkliyə şiddətli hücumlar təşkil edir: “Əgər biz həmin ərazilərdən geri çəkilsək və düşmən PUA-ların köməyi ilə bu yüksəkliklərdə mövqelərini genişləndirsə, taktiki üstünlük tamamilə onların tərəfinə keçəcək. Nəticədə Slovyansk-Kramatorsk şəhər xətti tədricən itiriləcək. Bu xətt ən əlverişli təbii müdafiə səddidir və onun çökməsi Donbasın tamamilə itirilməsi deməkdir”.

Ekspert vurğulayır ki, Donbasın itirilməsi müharibənin gedişatını dəyişməyin imkansızlığını sübut edən ən böyük arqumentə çevriləcək. Bu ssenari gerçəkləşərsə, ABŞ və Avropa Ukraynanı Rusiya ilə danışıqlar masasına əyləşməyə və faktiki təslim olmağa məcbur edə bilər. Həmçinin Qərbin maliyyə və hərbi dəstəyini kəskin azaltması gündəmə gələcək.

“Buna yol verən dövlət rəhbərliyi və hərbi komandirlər Ukrayna tarixinə ən mənfi reputasiya ilə düşəcəklər” – deyə Butusov əlavə edib.

Hərbi analitik böhrandan çıxış yolunu komandanlıq strukturunun yenidən təşkilində və təcrübəli generalların məsuliyyət zonasının genişləndirilməsində görür. O, Andrey Biletskinin rəhbərlik etdiyi 3-cü Hücum Korpusunun təcrübəsini nümunə göstərir: “Biletskinin korpusu Donbas və Liman istiqamətində ön xətti möhkəm saxlayır, düşmən orada bir qarış belə irəliləyə bilmir. Biletskinin məsuliyyət zonası genişləndirilməlidir. Onun qüvvələri yaxınlıqdadır və ehtiyatların köməyi ilə Slavyansk istiqamətini gücləndirə bilər. 3-cü korpus nəinki Slavyansk, həm də Konstantinovka istiqamətinə cavabdeh olan komandanlığa dəstək verməlidir”.

Butusov bildirir ki, 11-ci korpusda vəziyyət mürəkkəb olsa da, potensial var. Hazırda 54-cü, 81-ci, 10-cu və 18-ci briqadaların döyüşçüləri ağır şəraitdə müqavimət göstərirlər. Eyni zamanda, Oleq Lyaşkonun rəhbərlik etdiyi və Rusiya piyadalarının məhv edilməsində böyük uğur qazanan 432-ci PUA alayı da bu ərazidə fəaliyyət göstərir.

Ekspertin qənaətincə, hazırda Ukraynanın əleyhinə dəyişən döyüş gedişatını dönüş nöqtəsinə çevirmək üçün möcüzə yox, dəqiq hesablanmış idarəetmə, etibarlı hücum bölmələrinin toplanması və dron sistemlərindən düzgün istifadə lazımdır.

Rasim Əliyev

“AzPolitika.info”