Gürcüstanın keçmiş Baş naziri, hazırda həbsdə olan İrakli Qaribaşvili qalmaqallı bəyanatla çıxış edib. O, özünün və ailəsinin təhlükəsizliyinə görə birbaşa hakim "Gürcü Arzusu" partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvilini və mövcud hakimiyyəti məsuliyyət daşımağa çağırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə "24News.ge" portalı məlumat yayıb.
Keçmiş Baş nazir bildirib ki, sabah məsələ ilə bağlı geniş məktub yayımlayaraq cəmiyyətə “öz həqiqətini” açıqlayacaq: “Bu məktub mənə Bidzina İvanişvilinin göstərişi ilə göndərilib. Mən bu addımı atmamaq üçün əlimdən gələn hər şeyi etdim. Təəssüf ki, ləyaqətimi alçaldan bu şər qarşısında dayanmamaq üçün mənə başqa yol qoymadılar! Bu amansız qəddarlığa, təzyiqə və ailəmin məhv edilməsinə yönəlmiş çirkin plana qarşı çıxmalıyam. Bu gündən etibarən mənim və ailəmin təhlükəsizliyinə görə bütün məsuliyyət Bidzina İvanişvili və hakimiyyətin üzərinə düşür!”
Sabiq Baş nazir bəyanatında ona qarşı irəli sürülən şərtləri və pərdəarxası təzyiqləri də açıqlayıb. Qeyd edib ki, tərəfdarlarının və sosial şəbəkələrdəki kampaniyaların yaratdığı vəziyyət ciddi şübhələr doğurub. Hazırda ona qarşı korrupsiya ittihamları üzrə intensiv araşdırmalar aparılır.
Qaribaşvilinin sözlərinə görə, hakimiyyət ona iki seçim variantı təqdim edib:
Hüquqi müstəvidə sona qədər mübarizə aparmaq və mübahisə etmək;
Prosessual razılaşmaya gedərək korrupsiya ittihamını etiraf etmək.
“İkinci variant bizə kompromis kimi təklif olunub. Müqabilində 5 illik prosessual razılaşma vədləri verilir. Lakin ana şərt odur ki, həbsdən çıxdıqdan sonra siyasətə yaxınlaşmamalıyam. Etiraf edəcəyim korrupsiya maddəsi isə gələcəkdə siyasətə qayıtmamağım üçün sığorta mexanizmi rolunu oynayacaq”, – deyə İ.Qaribaşvili vurğulayıb.
Rasim
“AzPolitika.info”

Şərhlər