Moskva Londonu Ukrayna böhranını qəsdən kəskinləşdirməkdə və Rusiya ərazisinə təşkil edilən PUA (pilotsuz uçuş aparatı) hücumlarında iştirak etməkdə təqsirləndirib.
"AzPolitika" xəbər verir ki, Rusiyanın Böyük Britaniyadakı səfirliyindən bildirilib ki, Birləşmiş Krallıq bu hərəkətləri ilə cinayətlərə şərik olur və London Ukraynaya yardımı artırdıqca daha ağır bədəl ödəyəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xüsusilə qeyd edib ki, Britaniya istehsalı olan dronlardan Rostov vilayətinin Kamenski rayonundakı yanacaq anbarı da daxil olmaqla, Rusiya ərazisindəki müxtəlif hədəflərə zərbələr endirmək üçün istifadə olunub.
Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi Rusiya tərəfinin xəbərdarlıqlarına cavab olaraq bildirib ki, London Ukrayna ilə həmrəydir və Rusiyanın qanunsuz işğalına karşı Kiyevi lazımi avadanlıqla təmin etməkdə qərarlıdır.
Hərbi mənbələrin məlumatına görə, Britaniya istehsalı olan dronların Rusiya hərbi və sənaye obyektlərinə - o cümlədən neft emalı zavodlarına və "Wildberries" anbarlarına endirdiyi zərbələr nəticəsində təxminən 44 milyard dollar məbləğində iqtisadi zərər dəyib.
Qeyd edək ki, Böyük Britaniya aprel ayında Ukraynaya tarixinin ən böyük hərbi yardım paketləri çərçivəsində iki yerli şirkət tərəfindən istehsal olunmuş on minlərlə uzaqmənzilli dron göndərəcəyini bəyan etmişdi.
E. Səlimov
AzPolitika.info

Şərhlər