Avqustun 20-dən başlayaraq, Rusiyada şampan şərabları və pivə “strateji məhsullar” siyahısına daxil ediləcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat dərc edilib. Həmin tarixdən etibarən qaçaqmalçılıqla bağlı Cinayət Məcəlləsinin 226.1-ci maddəsinin tətbiqi məqsədilə strateji əhəmiyyətli malların siyahısına hökumət tərəfindən təsdiq edilmiş düzəlişlər qüvvəyə minəcək.
Yeni siyahıya elektron siqaretlər və digər elektron veyp cihazları, eləcə də nikotin duzları və məhlulları da daxildir.
İndiyə qədər bu malların gömrük rəsmiləşdirilməsi olmadan Rusiya və ya Avrasiya İqtisadi Birliyi (AİB) sərhədindən idxalı inzibati məsuliyyətə və cərimələrə, ən pis halda isə məcburi əməyə səbəb olurdu. İndi isə belə bir pozuntu, şərabın və ya veypin dəyəri 100.000 rubldan çox olarsa, beş ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
2022-ci ilə qədər alkoqol və tütün məhsullarının qanunsuz idxalı, malların dəyəri 250.000 rubldan çox olduqda cinayət hesab olunurdu, lakin həbs cəzası yalnız gizli əlbirlik, mütəşəkkil qrup və ya vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə hərəkət edən bir qrup şəxs tərəfindən idxal üçün nəzərdə tutulurdu. 2022-ci ildə tünd alkoqol və tütün məhsulları strateji mallar siyahısına əlavə edilmişdi, lakin digər içkilər və elektron siqaret cihazları “unudulmuşdu”.
Federal Gömrük Xidmətinin məlumatına görə, keçən il Rusiyaya 413,5 milyon rubl dəyərində qanunsuz alkoqol idxal etmək cəhdləri olub. Bir il əvvəl bu məbləğ 266,7 milyon rubl idi. Ən çox bu cür spirtli içkilər Gürcüstan, Tayland, Estoniya və Türkiyədən edilir.
“AzPolitika.info”

Şərhlər