Hindistanın müdafiə məsələləri üzrə katibi Racеş Kumar Sinq Ermənistana səfəri zamanı bu ölkənin mediasına müsahibə verib.

“AzPolitika” xəbər verir ki, Hindistan rəsmisinin sözlərinə görə, səfərdə əsas məqsəd Hindistan və Ermənistan arasında son illərdə güclənən çoxşaxəli tərəfdaşlığı, xüsusilə də onun əsas sütunlarından biri olan müdafiə sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməkdir.

Sinq deyib ki, səfər zamanı tərəflər dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq Texniki Xidmət Müqavilələri və avadanlıq paketləri daxil olmaqla bir neçə yeni təklifi müzakirə edəcəklər. Hindistan bu münasibəti sadəcə alıcı-satıcı modeli kimi deyil, birgə istehsal və tədqiqat-inkişaf üzərində uzunmüddətli əməkdaşlıq kimi nəzərdən keçirir.

Onun sözlərinə görə, Hindistan Müdafiə Nazirliyi ilə Ermənistan Yüksək Texnologiyalı Sənaye Nazirliyi arasında razılaşma imzalanıb. Bu sənəd birgə layihələr, innovasiya və startaplar vasitəsilə müdafiə texnologiyalarını inkişaf etdirməyi hədəfləyir.

Sinq yeni təhlükəsizlik çağırışlarına cavab verə biləcək gələcək hərbi liderlər və mütəxəssislər yetişdirmək məqsədində oludqlarını da qeyd edib.

Ermənistanın Hindistan üçün əhəmiyyətindan danışan hindistanlı nazir deyib ki, iki ölkə arasında 35 illik diplomatik münasibətlərin olduğu nəzərə alınarsa, bu tərəfdaşlığın ortaq dəyərlərə və qarşılıqlı anlayışa söykəndiyini, Ermənistanın Hindistan üçün ən mühüm müdafiə tərəfdaşlarından birinə çevrildiyini söyləmək olar.

E. Səlimov

AzPolitika.info