Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şamil Sadıq və Assosiasiyanın İdarə Heyətinin üzvü, “Altun Nəşriyyatı”nın direktoru Rafiq İsmayılov Meksikanın Azərbaycandakı səfiri Maria Victoria Romero ilə görüşüblər.

Görüş zamanı Meksikada keçiriləcək Qvadalaxara Beynəlxalq Kitab Sərgisində iştirakla bağlı hazırlıq məsələləri müzakirə olunub, viza prosedurları tamamlanıb. Həmçinin səfər proqramı, Meksikanın ədəbi-mədəni mühiti və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Nəşriyyatları Assosiasiyası ilk dəfə bu nüfuzlu beynəlxalq kitab sərgisində ölkəmizi təmsil edəcək. Səfərin əsas məqsədi Azərbaycan ədəbiyyatını və nəşriyyat sektorunu ispandilli dünyada tanıtmaq, beynəlxalq naşirlərlə yeni əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Görüşün sonunda səmimi qəbula və göstərilən dəstəyə görə səfir Maria Victoria Romeroya təşəkkür bildirilib.