Bu ilin ilk yarısında nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycan ərazisindən ümumilikdə 16 milyon 651 min ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı iqtisadçı deputat Vüqar Bayramov paylaşıb. O bildirib ki, daşınan yüklərin 7 milyon 587 min tonu dəmir yolu, 3 milyon 365 min tonu dəniz, 5 milyon 699 min tonu isə avtomobil nəqliyyatının payına düşüb.

Deputatın sözlərinə görə, nəqliyyat dəhlizləri üzrə yük dövriyyəsi aşağıdakı kimi paylanıb:

Şərq-Qərb nəqliyyat dəhlizi: 9207,4 min ton (o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4595,0 min ton);

Şimal-Cənub nəqliyyat dəhlizi: 4559,3 min ton;

Şimal-Qərb nəqliyyat dəhlizi: 2623,3 min ton;

Cənub-Qərb nəqliyyat dəhlizi: 261,8 min ton.

V.Bayramov xüsusilə qeyd edib ki, region üçün strateji əhəmiyyət daşıyan Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin həcmində 10 faizlik artım müşahidə olunub: "Bu istiqamətdə artım dövlət gəlirlərimizi çoxaltmaqla yanaşı, ölkəmizin geo-iqtisadi mövqeyini daha da gücləndirib. Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı, qeyri-neft sektorunda aparıcı istiqamətlərdən birinə çevrilməkdədir".

İqtisadçı gələcək perspektivlərə də toxunaraq bildirib ki, Zəngəzur dəhlizinin və həmçinin TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) layihələrinin tam potensialı ilə işə düşməsindən sonra Azərbaycan üzərindən daşınan yüklərin həcmində daha kəskin artımlar gözlənilir.

"AzPolitika.info"