Səfərbərlik şayiələri fonunda sutka ərzində 20.000-dən çox şəxs Rusiya-Gürcüstan sərhədini keçib
Rusiya Federal Gömrük Xidmətinin avqustun 18-də verdiyi məlumata görə, sutka ərzində 20.000-dən çox insan Rusiya ilə Gürcüstan arasındakı sərhədi keçib.
"AzPolitika"nın məlumatına görə, qurumdan bildirilib ki, bu dinamika artıq bir neçə gündür ki, müşahidə olunur. Avqustun 15-i və 16-da "Yuxarı Lars" buraxılış məntəqəsindən hər gün 19.000-dən çox insan keçib. Gömrük Xidmətindən "Mövcud göstəricilər ötən illərin analoji dövrləri ilə müqayisədə xeyli yüksəkdir" deyə əlavə edilib.
Rusiya Teleqram kanalları şahidlərin sözlərinə istinadən yazır ki, sərhədin Rusiya tərəfində böyük tıxac yaranıb. Vətəndaşlar iki saata təxminən 100 metr irəliləyə bilirlər. Bir neçə gün əvvəl, avqustun 13-də Gürcüstan və Rusiya çayın daşması səbəbindən quru sərhədini bir neçə saatlıq bağlamışdı.
"Yuxarı Lars" Rusiya ilə Gürcüstan sərhədindəki yeganə quru sərhəd-keçid məntəqəsidir. 2022-ci ilin sentyabr ayının sonunda, elan edilmiş səfərbərlik səbəbindən minlərlə rusiyalı ölkəni tərk edərkən, bura Rusiyanın ən sıx sərhəd-keçid məntəqəsinə çevrilmişdi. O vaxt buraxılış məntəqəsində insanların günlərlə gözlədiyi kilometrlərlə uzunluğunda tıxaclar yaranmışdı.
"AzPolitika.info"

Şərhlər