Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzv dörd ölkənin liderlərinin Ermənistanda referandum keçirilməsi təklifi ilə bağlı bəyanatına münasibət bildirib.

Paşinyan jurnalistlərə açıqlamasında bu təşəbbüsün əslində İrəvandan gəldiyini vurğulayıb: "Referandum keçirilməsi ideyasını biz təklif etmişdik, çünki müəyyən bir mərhələdə bu addımın atılması zəruridir. Onlar son müddətlə bağlı öz fikirlərini bildirdilər, biz də öz variantımızı təqdim etdik. Mən bu bəyanatı bir tələb kimi deyil, dostyana bir jest kimi qəbul etdim. Çünki onlar bu baxışı dəstəkləyirlər və Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək, o cümlədən Aİ-yə üzvlük gündəliyi irəli sürmək imkanına qarşı çıxmırlar".

Xatırladaq ki, may ayının sonunda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri birgə bəyanat yayaraq İrəvanı Aİ-yə qoşulmaq və ya Aİİ-də qalmaqla bağlı ən qısa zamanda referandum keçirməyə çağırıblar.

Müttəfiqlər bu ilin dekabrında keçiriləcək Aİİ sammitində Ermənistanın təşkilatdakı üzvlüyü məsələsinin müzakirə olunacağını bəyan ediblər. Həmçinin Avrasiya Hökumətlərarası Komissiyasına Ermənistanın üzvlüyünün dondurulmasının olası fəsadlarına dair hesabat hazırlamaq tapşırılıb.

Qeyd edək ki, Paşinyan avqustun 7-də verdiyi bəyanatda Aİ-yə üzvlüklə bağlı hazırda referandum keçirməyin mənəvi və siyasi cəhətdən əhəmiyyətsiz olduğunu bildirmişdi.

“AzPolitika.info”