Ukraynanın keçmiş Müdafiə Naziri Mixail Fyodorovun müharibə şəraitində seçkilərin keçirilməsinə dair gözlənilməz çağırışı Kreml tərəfindən diqqətlə izlənilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı daxili siyasi gərginliyi şərh edərək, "Kiyev rejiminin" vahid mövqeyə malik olmadığını bildirib.

Keçmiş müdafiə naziri Mixail Fyodorov verdiyi videoaçıqlamada müharibənin uzanacağı təqdirdə Ukraynanın demokratiyadan imtina etməməli olduğunu vurğulayıb. O, hərbi vəziyyət şəraitində belə ön cəbhədəki hərbçilərin, xaricdəki qaçqınların və cəbhəboyu zonada yaşayan vətəndaşların səs verməsini təmin edəcək "hüquqi, təhlükəsiz və real" mexanizmin tapılmasını təklif edib. Fedorov bildirib ki, "Rusiya Ukraynada nə vaxt seçki keçiriləcəyinə qərar vermək hüququna sahib olmamalıdır".

Buna qarşılıq, Zelenski administrasiyası və rəsmi Kiyev ölkənin aktiv döyüş əməliyyatları apardığı, hər gün raket və dron hücumlarına məruz qaldığı bir vaxtda hərbi vəziyyət altında seçki keçirməyin həm qanunvericiliyə zidd, həm də praktiki olaraq qeyri-mümkün olduğunu müdafiə edir.

Dmitri Peskov məsələyə münasibət bildirərkən Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı rəhbərliyin legitimliyi ilə bağlı mövqeyini bir daha xatırladıb.

Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Volodimir Zelenskinin səlahiyyət müddəti başa çatdıqdan sonra seçkilərin keçirilməməsi Kiyev rəhbərliyinin hüquqi legitimliyini sual altına qoyur. Peskov Fedorovun çıxışını Kiyev rəhbərliyi daxilindəki ciddi fikir ayrılıqlarının və siyasi parçalanmanın bariz göstəricisi kimi qiymətləndirib.

Ekspertlər Fedorovun bu çıxışını onun vəzifədən kənarlaşdırılmasından sonra başlanan etiraz dalğasının davamı və Zelenski hakimiyyətinə qarşı ən açıq siyasi çağırışlardan biri kimi qiymətləndirirlər.

Rasim

“AzPolitika.info”