Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror dövlət ittihamının müdafiəsi zamani Elmira İbrahimovanın 12 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Müdafiə tərəfinə çıxış üçün söz verilsə də, buna hazır olmadıqlarından məhkəmədən vaxt istəyiblər.

Növbəti proses sentyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci Polis Şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.