İsrailin keçmiş baş naziri Ehud Barak hazırkı hökumət rəhbəri Benyamin Netanyahunu sərt tənqid edərək, onun "tamamilə relsdən çıxdığını" bildirib. Barak Suriyadakı hərbi proseslər fonunda Netanyahunun Türkiyə ilə münasibətləri qəsdən gərginləşdirmək siyasətini kəskin pisləyib.

"X" sosial şəbəkəsindəki hesabında paylaşım edən keçmiş baş nazir, baş verənlərin bütün detallarını açıqlaya bilməyəcəyini qeyd etsə də, Netanyahunun Ankara ilə qarşıdurmanı alovlandırmasını "ehtiyatsız və axmaq bir gediş" adlandırıb. O, bu iki ifadədən hansının baş nazirin fəaliyyətinə daha çox uyğun gəldiyini müəyyən etməyin çətin olduğunu vurğulayıb.

Ehud Barakın fikrincə, bu eskalasiyanın arxasında İsrail cəmiyyətində dərin narahatlıq və qorxu yaradan təhlükəsizlik böhranı fonunda Netanyahunun qarşıdan gələn seçkilərə qədər hakimiyyətdə qalmaq istəyi dayanır:

"Türkiyə nə İran, nə də Əsədin Suriyasıdır. Ankara ilə münasibətlərdə elə bir strateji problem yoxdur ki, onu ABŞ ilə gizli koordinasiya və Vaşinqtonun Türkiyə üzrə təsir imkanlarından istifadə etməklə həll etmək, lokallaşdırmaq və ya uzunmüddətli təxirə salmaq mümkün olmasın."

Barak iddia edib ki, siyasi məğlubiyyətlə üz-üzə qalan Netanyahu artıq dövlətin təhlükəsizliyini deyil, öz siyasi mövcudluğunu düşünür və "aludəçi qumarbaz" kimi davranır.

Müttəfiqlərin narahatlığı və gələcək gözləntilər

Keçmiş baş nazir xəbərdarlıq edib ki, Netanyahunun bu cür ehtiyatsız addımları İsrailin beynəlxalq aləmdəki müttəfiqləri və dost ölkələri arasında ciddi narahatlıq doğurur. Buna baxmayaraq, o, Netanyahudan sonra hakimiyyətə gələcək şəxslərin ölkənin təhlükəsizlik məsuliyyətini daha yaxşı daşıyacaqlarına əminliyini bildirib.

Vəziyyətin daha da pisləşməməsi üçün Barak radikal qərarların qəbulunu seçkilərdən sonrakı dövrə qədər təxirə salmağa çağırıb. O qeyd edib ki, Netanyahunun son üç ildə İsrailin həm təhlükəsizlik, həm də xarici siyasətinə vurduğu zərəri aradan qaldırmaq üçün uzun zaman lazım gələcək.

E. Səlimov

AzPolitika.info