Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa lideri Emmanuel Makron arasında təxminən iki saat davam edən telefon danışığı olub. Danışıq zamanı tərəflər Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsi məsələsini ətraflı müzakirə ediblər.

Ukrayna lideri bu barədə açıqlamasında Fransanın dəstəyini yüksək qiymətləndirib:

“Fransanın ən yeni texnika və raketlərinin tədarükünü sürətləndirmək məsələsində razılığa gəldik. Raket istehsalı üçün lisenziya verilməsinə hazır olduğunuzu təsdiqlədiyiniz üçün təşəkkür edirəm”.

Emmanuel Makron isə öz növbəsində, Ukraynanın "Patriot" sistemləri üçün lazım olan raketlərə malik beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulmasında kömək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin tərəfdaşlarla aparılan diplomatik səylər, ABŞ Prezidentinin komandası ilə təmaslar, eləcə də cari və gələn illərdə Ukrayna müdafiəsinin maliyyələşdirilməsi məsələləri nəzərdən keçirilib.

Rasim

"AzPolitika.info"