ABŞ hakimiyyəti ilk dəfə 40 trilyon dolları keçən dövlət borcu problemini həll etmək üçün qeyri-populyar tədbirlər görməyə məcbur ola bilər.

"Report"un "The Washington Post" qəzetinə istinadən məlumatına görə, federal hökumət uzun illərdir vergilərdən aldığından daha çox vəsait xərcləyib ki, bu da kəsirə və dövlət borcunun davamlı artmasına səbəb olub.

Qeyd edək ki, ABŞ-nin 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,27 %-i ötüb. Ekspertlər hesab edirlər ki, borclanmanı azaltmaq üçün Vaşinqton vergilərin artırılması və dövlət xərclərinin azaldılması arasında seçim etməli olacaq. Hər iki variant da əhalinin ciddi narazılığına səbəb ola bilər.

Ekspertlər həmçinin borc xidməti xərclərinin iqtisadiyyatdan daha sürətli böyüdüyü "borc spiralı" riski barədə xəbərdarlıq edirlər. Hazırda ABŞ milli borc üzrə faiz ödənişlərinə ildə təxminən 1 trilyon dollar xərcləyir.

Piterson adına Beynəlxalq İqtisadiyyat İnstitutunun qiymətləndirməsinə görə, islahat aparılmasa, ABŞ-nin milli borcu altı il ərzində 50 trilyon dollara çata bilər.