Çinli alimlər bitkilərin patogenləri daha tez tanımasına və məhv etməsinə imkan verən fərdiləşdirilmiş bitki immun reseptorları yaratmaq üçün dünyanın ilk süni intellektə əsaslanan platformasını hazırlayıblar.
"Report"un məlumatına görə, bu barədə South China Morning Post yazır.
Qeyd olunur ki, Çin Elmlər Akademiyasının Genetika və İnkişaf Biologiyası İnstitutunun alimləri Qi Biodesign şirkəti ilə birgə proqramlaşdırıla bilən sintetik immun reseptorlar yaradıblar. Bu reseptorlar bitkilərə yeridilərək bakteriya, virus və göbələklərin ifraz etdiyi zülalları aşkar edə bilir. Bundan sonra bitkinin immun reaksiyası işə düşür.
Alimlərin sözlərinə görə, süni intellekt sayəsində belə reseptorları bir neçə il əvəzinə cəmi bir neçə həftə ərzində hazırlamaq mümkündür. Bu isə xəstəliklərə davamlı kənd təsərrüfatı bitkilərinin yaradılmasını sürətləndirməyə və yeni patogenlərin ortaya çıxmasına daha operativ reaksiya verməyə imkan verəcək.
Tədqiqatçılar bildirirlər ki, ənənəvi seleksiya üsulları xeyli vaxt tələb edir. Bundan əlavə, patogenlərin sürətlə təkamül etməsi səbəbindən bitkilərin qazandığı davamlılıq xüsusiyyəti zamanla itə bilər. Onların fikrincə, yeni texnologiya konkret təhlükələrə qarşı əvvəlcədən müəyyən edilmiş müdafiəyə malik bitkilərin yaradılması üçün universal vasitəyə çevrilə bilər.

Şərhlər