Ukrayna Prezidenti Volodimir Zelenski sabiq müdafiə naziri Mixail Fyodorovun müharibə başa çatmadan ölkədə seçkilərin keçirilməsi ilə bağlı çağırışına sert cavab verib. Zelenski bildirib ki, hazırkı şəraitdə seçki keçirmək Ukrayna dövlətçiliyini daxildən sarsıdacaq və ölkəni parçalayacaq bir sunamiyə bənzəyir.
“AzPolitika” xəbər verir ki, Ukrayna jurnalistlərinə müsahibə verən Zelenski daxili və xarici siyasət, cəbhədəki son vəziyyət, habelə sabiq nazirlə aralarında yaşanan qalmaqalla bağlı mühüm bəyanatlar verib.
Zelenski xatırladıb ki, təxminən bir il əvvəl Qərb tərəfdaşları, o cümlədən ABŞ administrasiyası Ukraynanı müharibə dövründə seçkilərə getməyə sövq edirdi. Prezidentin sözlərinə görə, o, cəbhədəki hərbçilərin, cəbhəyanı bölgələrin və xaricə pənah aparmış milyonlarla ukraynalının səsvermədə iştirakı təmin olunacağı təqdirdə seçkilərə razı olduğunu bildirib. Lakin nə Qərb müttəfiqləri bunun üçün konkret təhlükəsizlik şərtləri təklif ediblər, nə də Rusiya seçki dövründə atəşkəsə razı olub.
“İndi seçki keçirmək dövlət üçün sunami deməkdir, bu, Ukraynanı daxildən parçalayacaq. Mənim əsas strategiyam ölkəni müharibənin sonuna çatdırmaq və müstəqil, suveren Ukraynanı qoruyub saxlamaqdır”, – deyə Zelenski vurğulayıb.
Döyüş meydanındakı vəziyyətə toxunan Ukrayna lideri bildirib ki, bu il Rusiya təxminən 990 kvadratkilometr ərazini işğal etsə də, Ukrayna ordusu digər istiqamətlərdə 820 kvadratkilometri geri qaytarıb. Zelenski ilin sonunadək bu nisbəti 1:1 etməyi planlaşdırdıqlarını bəyan edib. O, Rusiyanın Slavyansk və Kramatorsku ələ keçirmək cəhdlərinin qarşısının alınacağını deyib.
Eyni zamanda, Zelenski ABŞ və Aİ ilə Donbasda hər iki tarafın qoşunlarını geri çəkməsi ilə bufer zonasının yaradılmasının müzakirə olunduğunu diqqətə çatdırıb. O, energetika və kənd təsərrüfatı infrastrukturlarına zərbələrin qarşılıqlı şəkildə dayandırılmasına hazır olduqlarını da əlavə edib.
Prezident müharibənin dayandırılması üçün əlverişli diplomatiya pəncərəsinin 2027-ci ilin yayına qədər davam edəcəyini, bundan sonra ABŞ-da fəal seçki kampaniyasının başlayacağını qeyd edib.
İstefası küçə etirazlarına səbəb olan keçmiş müdafiə naziri Mixail Fyodorovla münasibətlərə toxunan Zelenski, ona istefadan sonra 4 fərqli vəzifə təklif etdiyini, lakin Fyodorovun razılaşmadığını bildirib.
Prezident həmçinin eyham vurub ki, Fyodorov "Starlink"lə bağlı onu aldadıb. Belə ki, Fyodorov İlon Maskın Rusiyaya zərbələr üçün "Starlink"dən istifadəsinə razılıq verdiyini desə də, ABŞ Prezidenti Donald Trampla görüşdə Tramp Maskın belə bir razılıq vermədiyini bəyan edib.
Komandasındakı korrupsiya ittihamlarına cavab verən Zelenski, şübhələr ortaya çıxan kimi Prezident Ofisinin rəhbər müavini İrina Mudrayanı vəzifədən azad etdiyini xatırladıb: “Şəxsən mənimlə bağlı heç bir korrupsiya şübhəsi yoxdur və bu, mənim üçün prinsipial məsələdir”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər