Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin "Şimal axını" boru kəmərinin partladılması əməliyyatının planlanması və ya həyata keçirilməsində iştirakı yönündəki iddianı təkzib edib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə V. Zelenski avqustun 23-də Kiyevdə keçirdiyi mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq bildirib.
"Kiyev hadisənin bütün hallarının müəyyən edilməsi üçün tərəfdaşlarla birgə fəaliyyətə açıqdır, Ukrayna hüquq mühafizə orqanları artıq müvafiq əməkdaşlıqda iştirak edir. Ukrayna tərəfi bu məsələni Almaniya ilə yüksək səviyyədə ilk dəfə müzakirə etmir. Onlar əla bilirlər ki, Ukrayna müvafiq əməliyyatın həyata keçirilməsinin və planının arxasında durmayıb. Hazırda ittihamların irəli sürüldüyü və şahidlərin dindirildiyi istintaq aparılır. Bundan başqa, aralarında ukraynalıların da olduğu vətəndaşlarla bağlı hallar araşdırılır. Ukraynanın Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğul olur və tərəfdaşlarla daimi əlaqə saxlayır. Biz hər şeyə açığıq. Ukrayna üçün tammiqyaslı müharibənin əvvəlindən onu dəstəkləyən Avropa ölkələrinin tərəfdaşlığını və etibarını itirməmək vacibdir", - Ukrayna lideri deyib.

Şərhlər