Noyabrda Qaraqalpaqstanın (Özbəkistan) Nukus şəhərində Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun fərdi sərgisinin keçirilməsi planlaşdırılır.

"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nur bildirib.

"Biz Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə noyabr ayında Sakit Məmmədovun fərdi sərgisini təşkil etməyə hazırlaşırıq. O həm də bizim fəxri akademikimizdir. Sərgi Nukusda, Qaraqalpaqstanda Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunacaq", - deyə o qeyd edib.

Akmal Nurun sözlərinə görə, Sakit Məmmədov həmçinin öz əsərlərindən birini Nukusdakı muzeyə hədiyyə etmək niyyətindədir.

Akademiya rəhbəri həmçinin iki ölkə rəssamlarının çoxillik əməkdaşlığından da danışıb.

"Düşünürəm ki, bizim birgə işimiz davam edəcək. Üstəlik, indi nəinki siyasi, həm də mədəni əlaqələrimiz inkişaf edəcək, ona görə də bu yolda Özbəkistan Rəssamlıq Akademiyası da öz xüsusi töhfəsini verəcək", - o vurğulayıb.

Akmal Nur həmçinin yenidən Bakıda öz fərdi sərgisini keçirmək arzusunu da ifadə edib. Onun Azərbaycan paytaxtında əvvəlki fərdi sərgisi 2012-ci ildə baş tutmuşdu.

"Mənim arzum, əlbəttə ki, öz fərdi sərgimi məhz Bakıda təkrarlamaqdır, çünki Bakıda gözəl muzeylər, gözəl sənətşünaslar və gözəl menecerlər var. Amma mən həm də çox istərdim ki, bizim tamaşaçılarımız mümkün qədər çox azərbaycanlı rəssamı görsünlər", - o əlavə edib.