Ağdaş rayonunda bir ailənin iki üzvünün bıçaqlanmasının təfərrüatı məlum olub.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və onun 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarətlər yetirilib.

İddia edilir ki, Aygün Əhmədova və yeniyetmə oğlu həyat yoldaşı Arzu Əhmədov tərəfindən bıçaqlanıb. Qadın kişinin ikinci həyat yoldaşı olub. Arzu Əhmədov birinci ailəsindən ayrılıb və ikinci dəfə ailə həyatı qurubmuş. Son günlər ailədə tez-tez mübahisələr və dava-dalaş olurmuş.

İddialara görə, Arzu Əhmədov dünən səhər saatlarında həyat yoldaşını bıçaqlamağa cəhd edibmiş. Lakin qadın onun əlindən qaçıb qonşuda gizləndiyindən Arzunun cəhdi baş tutmayıb. Qadın dünən məsələ ilə bağlı qonşulara da məlumat veribmiş. Avqustun 24-də gecə saat 3 radələrində Arzu Əhmədov Aygün ilə yenidən mübahisə edib.

Ehtimal edilir ki, mübahisə zəminində, o, həyat yoldaşını kürəyindən bıçaqlayıb. Həmin vaxt səsə gələn oğlu Fərid atasına mane olmaq istəsə də alınmayıb. Arzu Əhmədovun oğlunu da qolundan bıçaqlayaraq hadisə yerindən qaçdığı iddialar arasındadır.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdaşda ana-oğul bıçaqlanıb.

“AzPolitika” xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Aygün Əhmədova və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib.

Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma başlanılıb.