Dələduzluqda ittiham edilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Seymur Salah oğlu Salahzadənin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə Seymur Salahzadənin külli miqdarda dələduzluq cinayəti törətməsinə şübhələr müəyyən edilib.

Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Seymur Salahzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.