Rusiya qüvvələri avqustun 25-nə keçən gecə Ukraynanın Zaporojye və Xarkov şəhərlərinə zərbələr endirib.

"Unian" xəbər verir ki, Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorovun məlumatına görə, PUA hücumu nəticəsində qeyri-yaşayış binalarında yanğın baş verib. Daha sonra şəhərə idarəolunan aviasiya bombası ilə zərbə endirildiyi və nəticədə iki nəfərin öldüyü bildirilib.

Xarkov meri İqor Terexov isə şəhərin Osnovyanski rayonundakı sənaye zonasına raket zərbələrinin endirildiyini bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində bir nəfər ölüb.

Bundan əvvəl Çerniqov şəhərinin mərkəzində də yaşayış binasına PUA zərbəsi endirilib. Nəticədə 14 nəfər, o cümlədən 12 və 17 yaşlı iki uşaq xəsarət alıb. /Apa