Ötən gecə Rusiyanın Krasnodar vilayəti Ukraynanın daha bir hava zərbəsinə məruz qalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Veniamin Kondratyevin rəsmi açıqalaması yayımlanıb.
Onun sözlərinə görə, vilayətdəki Severski rayonunun Afipski məntəqəsi hədəfə alınıb.
"Ən azı 10 fərdi evə ziyan dəyib. Onlardan birində yanğın olub. Yanğın həmçinin neft emalı zavodunun ərazisində baş verib. Yanğınsöndürənlər və təcili yardım xidmətləri hazırda hadisə yerində işləyir", - Kondratyev Telegram-da yazıb.
O, həmçinin vurulan pilotsuz təyyarənin qalıqlarının Afipskaya dəmir yolu stansiyasının ərazisinə düşdüyünü bildirib. İki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Qubernatorun barəsində danışdığı Afipski Neft Emalı Zavodu Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biridir. Onun emal gücü ildə 7,2 milyon ton neftdir. Zavod benzin, dizel yanacağı, qaz kondensat distillatları, ağır neft qalıqları və kükürd istehsal edir. Dronlar ilin əvvəlindən bəri bu neft emalı zavoduna dörd dəfə hücum edib: 14 iyul, 11 iyun, 14 mart və 21 yanvar. Zərbələr nəticəsində zavodun ərazisində çənlər də daxil olmaqla yanğınlar baş verib. Bu zərbə artıq beşincidir.
Ötən gecə Rostov vilayətinə də kütləvi PUA hücumu olub. Ukraynanın “Supernova+” monitorinq kanalının məlumatına görə, Novoşaxtinsk Neft Emalı Zavodu hədəf alınıb. Rostov vilayətinin qubernatoru Yuri Slyusar Novoşaxtinsk, Qukovo və Kamensk-Şaxtinsk şəhərlərinə dron hücumlarını təsdiqləyib. O, Novoşaxtinskdə yalnız dörd fərdi evin zədələndiyini və meşə yanğını baş verdiyini bildirib. Hücumların heç birində itki olmayıb.
Ümumilikdə Ukrayna Silahlı Qüvvələri 2026-cı ilin əvvəlindən bəri Rusiyanın neft emalı zavodlarına 70 dəfədən çox hücum edərək onlarla neft emalı zavodunu sıradan çıxarıb. Təkcə avqustun əvvəlindən bəri beş neft emalı zavodu tamamilə bağlanıb: Permnefteorgsintez, Orsknefteorgsintez, Zapsibneftexim, Saratov və Volqoqrad neft emalı zavodları.
Nəticədə, Rusiyada neft emalı 2002-ci ilin may ayından bəri ən aşağı səviyyəyə - gündə 3,6 milyon barelə düşüb. Bu, yanacaq böhranına səbəb olub. Xüsusilə, regional yanacaqdoldurma məntəqələrinin təxminən 80%-i ən populyar benzin növlərindən biri olan Aİ-95-in satışını dayandırıb.
“AzPolitika.info”

Şərhlər