Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezident İlham Əliyevin Özbəkistana reallaşan son dövlət səfərinin yekunlarını və Daşkənddə mətbuat üçün verdiyi bəyanatları geniş şərh edib.
“AzPolitika” xəbər verir ki, deputat iki qardaş ölkə arasındakı münasibətlərin artıq keyfiyyətcə yeni, daha üstün mərhələyə qədəm qoyduğunu bildirib. S.Novruzov vurğulayıb ki, Bakı və Daşkənd arasında mövcud olan strateji tərəfdaşlıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının geosiyasi və geoiqtisadi inteqrasiyasına mühüm töhfələr verir.
Komitə sədrinin sözlərinə görə, səfər zamanı iki ölkə rəhbərliyi tərəfindən irəli sürülən iqtisadi təşəbbüslər və konkret layihələr əməkdaşlığın möhkəm təməllər üzərində qurulduğunu nümayiş etdirir. O bildirib ki, tərəflər yaxın illərdə ticarət dövriyyəsini 1 milyard dollar həddinə çatdırmağı, qarşılıqlı investisiya qoyuluşunu stimullaşdırmağı və energetika, nəqliyyat-logistika, sənaye, eləcə də kənd təsərrüfatı sahələrində birgə proqramları sürətləndirməyi hədəfləyiblər.
Siyavuş Novruzov Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindəki fəal rolunu xüsusi qeyd edib: "Daşkəndin Qarabağın reabilitasiyasına verdiyi dəstək qardaşlığın real və əməli təzahürüdür. Füzulidə müasir Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə istifadəyə verilən tikiş fabrikinə investisiya yatırılması iki dövlət arasındakı sarsılmaz həmrəyliyin bariz nümunəsidir."
Deputat əlavə edib ki, Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi ikitərəfli münasibətlərin institusional baxımdan daha da möhkəmlənməsinə xidmət edir. Səfər çərçivəsində dövlət başçılarının qarşılıqlı olaraq ali dövlət mükafatları – Prezident İlham Əliyevin "Dostluq" ordeni, Prezident Şavkat Mirziyoyevin isə "Heydər Əliyev" ordeni ilə təltif olunması liderlər arasındakı dostluğun və yüksək siyasi etimadın zirvəsidir.
S.Novruzov yekunda bildirib ki, ortaq tarixi-mədəni köklərə və milli-mənəvi dəyərlərə söykənən Azərbaycan-Özbəkistan tərəfdaşlığı bundan sonra da Türk dünyasının birliyinə və regionun dayanıqlı inkişafına xidmət edəcək.
“AzPolitika.info”

Şərhlər