ABŞ administrasiyasının ölkədə sığınacaq üçün müraciət etmiş və ya müraciət prosesi davam edən təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir.
Məlumatlı mənbələrə görə, 2016–2026-cı illər arasında verilmiş bəzi B1 və B2 vizaları nəzərdən keçirilir. Söhbət viza sahiblərinin sonradan ABŞ-də sığınacaq üçün müraciət etdiyi hallardan gedir.
Məlumata görə, vizası ləğv ediləcək şəxslərin dərhal deportasiya olunması nəzərdə tutulmur. Hazırda sığınacaq müraciətlərinə baxılan şəxslərin statusunun yenidən müəyyənləşdirilməsi gözlənilir. Bununla belə, onlar iş və ya turizm məqsədilə ABŞ-yə səfər etmək hüququ verən vizalarını itirə bilərlər.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, qurum Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə ABŞ-yə qısamüddətli səfər məqsədilə gəldiyini bildirərək daha sonra ölkədə qalmaq üçün sığınacaq istəyən şəxslərin vizalarını müəyyənləşdirir və ləğv edir.
Onun sözlərinə görə, proses mərhələli şəkildə aparılacaq və ləğv edilən vizaların sayı dəyişə bilər.
Qeyd edək ki, B1 vizası əsasən işgüzar səfərlər, B2 vizası isə turizm, ailə ziyarəti və tibbi məqsədlər üçün verilir.
"AzPolitika.info"

Şərhlər