Avropa Parlamentinin üzvü və mərkəz-solçu "Place Publique" partiyasının lideri Rafael Qluksmann Fransa prezidentliyinə namizədliyini açıqlayıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

O, ilkin seçkilərdə iştirak etmək və solçu seçiciləri birləşdirmək niyyətindədir. Qluksmann Ukraynanın və Avropa inteqrasiyasının qatı tərəfdarı kimi tanınır. O, daha güclü Avropa təhlükəsizliyi, Kiyevə dəstək və Rusiyaya qarşı sərt xətt tərəfdarıdır.

Qluksmannın ailə tarixi sovet kəşfiyyatı ilə bağlıdır. Babası Rubin Qluksmann 1889-cu ildə o vaxtlar Avstriya-Macarıstanın bir hissəsi olan Çernovtsıda yəhudi ailəsində anadan olub. 1920-ci illərdə o, Fələstinə mühacirət edib və orada kommunizmə meyllənib və bolşeviklər tərəfindən kommunist hərəkatını yaymaq üçün yaradılan Komintern təşkilatı tərəfindən “verbovka edilib”.

Nəşrin məlumatına görə, Rubin Qluksmann Fransa, Almaniya və Böyük Britaniyada sovet kəşfiyyat zabiti kimi çalışmış, özünü iş adamı və sığorta agenti kimi təqdim etmişdi. Lakin 1940-cı ildə ifşa edildikdən sonra Britaniya əks-kəşfiyyatı MI5 tərəfindən həbs edilib. Qluksmannın Kanadaya deportasiyası qərarı verilib, yolda onun olduğu və Kandaya gedən gəmi alman sualtı qayığı tərəfindən vurulub və o həlak olub.

Sovet "şpionu"nun nəvəsi olan Rafael Qluksmann isə 1979-cu ildə Parisdə anadan olub. Siyasətə girməzdən əvvəl Qluksmann jurnalist və sənədli film rejissoru kimi çalışıb. 2009-cu ildən 2013-cü ilə qədər o, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin müşaviri vəzifəsində çalışmış, siyasi strategiya və kommunikasiyalara diqqət yetirmişdir. 2024-cü ildə Qluksman Fransanın Avropa Parlamenti seçkilərində mərkəz-sol Alyans siyahısına liderlik edib, alyans səslərin təxminən 14%-ni toplayıb və o, Fransa solçularının ən görkəmli nümayəndələrindən biri olub.

46 yaşlı Qluksmann sağçılara savaş açıb. 

"Biz həqiqətən ölkəni Marin Le Pen və ifrat sağçılara təhvil verəcəyikmi? Mən inanıram ki, fransızların əksəriyyəti Fransa cəmiyyətinin amerikanlaşdırılmasını dəstəkləmir", - deyə siyasətçi bildirib.

Fransada növbəti prezident seçkiləri 2027-ci ilin yazında keçiriləcək. Sorğulara görə, Marin Le Pen birinci turda lider olaraq qalır. O, səslərin təxminən 36%-ni, mərkəz-sağçı keçmiş baş nazir Eduard Filipp 19%-ni, Jan-Lük Melanşon 15%-ni və Qluksmann təxminən 10%-ni toplayır.

“AzPolitika.info”