Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiyaya gözlənilməz səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı Moskvanı NATO ölkələri ilə mümkün eskalasiyaya yol verməmək barədə xəbərdar etmiş ola bilər.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu ehtimalı "The Wall Street Journal" irəli sürüb.
Bildirilir ki, Retkliff Rusiya rəsmiləri ilə görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması, İran ətrafındakı münaqişə məsələlərini müzakirə edib, həmçinin Rusiyada mümkün səfərbərliklə bağlı ABŞ kəşfiyyatının əldə etdiyi məlumatları çatdırıb.
WSJ-nin məlumatına görə, ABŞ kəşfiyyatı Rusiyanın ölkənin bir neçə regionunda, o cümlədən Kalininqrad vilayətində, Ukraynada müharibəni davam etdirmək məqsədilə hərbi səfərbərliyə hazırlıq apardığına dair məlumatlar toplayıb. Bununla Moskvanın Şimali Atlantika Alyansının reaksiyasını sınadığı ehtimal olunur.
"İddiaya görə, o, Moskvanı təxribatlardan çəkinməyə çağırıb və NATO-nun qətiyyətli cavaba hazır olduğunu bildirib", – deyə nəşr mənbəyə istinadən yazıb.
***
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvada səfərdədir.
"AzPolitika" xarici mediaya istinadla xəbər verir ki, Retkliff ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 hərbi nəqliyyat təyyarəsi ilə Endryus hərbi bazasından Moskvaya gəlib.
Rəsmi olaraq nə Moskva, nə də Vaşinqton onun səfərini təsdiqləyib. Retkliffin kimlərlə görüşəcəyi və hansı məsələləri müzakirə edəcəyi hələlik məlum deyil.
Bu, onun CIA direktoru kimi Rusiyaya ilk məlum səfəri hesab olunur.


Şərhlər