ABŞ immiqrasiya vizalarına baxılmanı dayandırıb

"AzPolitika"  xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası immiqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində immiqrasiya vizaları üzrə müraciətlərə baxılmanı müvəqqəti olaraq dayandırıb.

Dövlət Departamentinin nümayəndəsinin Reuters-ə verdiyi məlumata görə, çərşənbə axşamı ABŞ-ın dünyanın müxtəlif ölkələrindəki bütün səfirlik və konsulluqlarında qlobal təlim proqramına start verilib. 

Təlim başa çatana qədər viza müraciətlərinin qəbulu və görüşlərin təyin edilməsi mümkün olmayacaq. Artıq planlaşdırılmış müsahibələr ləğv olunub və ya təxirə salınıb, ərizəçilərə isə yeni tarixlər barədə sonradan məlumat veriləcəyi bildirilib.

Təlimin əsas məqsədi konsulluq əməkdaşlarının ərizəçiləri daha hərtərəfli və vahid qaydada qiymətləndirməsini təmin etmək, xüsusilə də ABŞ-ın sosial yardımlarına ehtiyac duya biləcək şəxsləri müəyyənləşdirməkdir. Administrasiya bu addımı ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsi və “ictimai yük” riskinin azaldılması kimi qiymətləndirir.

Qeyd edək ki, Tramp administrasiyası deportasiyaların artırılması, vizaların və yaşıl kartların ləğvi, eləcə də siyasi baxışlar və digər səbəblərlə müraciətlərin rədd edilməsi istiqamətində geniş kampaniya aparır. Son günlərdə isə 75 ölkədən immiqrasiya vizalarının dayandırılması ilə bağlı əvvəlki qərar məhkəmə tərəfindən ləğv olunmuşdu.