İsrail Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yair Netanyahuya qarşı İrana aid olduğu iddia edilən sui-qəsd planı üzə çıxıb. İsrail kəşfiyyatının xəbərdarlığından sonra 35 yaşlı Yair Netanyahunun ABŞ-dan təcili şəkildə İsrailə aparıldığı bildirilir.

ABŞ-nin "Newsmax" telekanalının ABŞ təhlükəsizlik mənbələrinə istinadən yaydığı xəbərə görə, İran ötən ilin sonlarında Florida ştatının Hallandale Beach şəhərində yaşayan Yair Netanyahunu hədəfə alan sui-qəsd planı hazırlayıb. İddialara əsasən, sui-qəsd qrupu Mayami bölgəsində Yair Netanyahunu izləyib və onun haqqında müşahidə aparıb.

ABŞ hakimiyyətinin xəbərdar edilməsindən sonra Yair Netanyahunun təhlükəsizliyi ilə bağlı təcili tədbirlər görülüb. Bildirilir ki, o, hətta şəxsi əşyalarını belə götürmədən ABŞ-dən çıxarılaraq İsrailə göndərilib.

İsrail Baş naziri Binyamin Netanyahu daha əvvəl 14-cü Kanalda verdiyi müsahibə zamanı İranın oğullarından birini hədəfə aldığını təsdiqləmişdi. Lakin baş nazir sui-qəsd planının konkret olaraq hansı oğluna qarşı hazırlandığını açıqlamamışdı.

"AzPolitika.info"