Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın sabiq prezidenti Robert Koçaryanın saxlanılması barədə açıqlama verməkdən imtina edib.

"AzPolitika" xəbər verir ki, o, sadəcə “proseslərin qanuna uyğun şəkildə aparılacağına və bütün iştirakçıların hüquqlarının təmin olunacağına” ümid etdiyini bildirib.

“Hazırda Ermənistanda baş verən daxili siyasi hadisələri şərh etmək istəməzdim. Çox mürəkkəb proseslər gedir. Yalnız ümid etmək olar ki, baş verən bütün proseslər qanuna uyğun həyata keçiriləcək və respublikadakı siyasi prosesin bütün iştirakçılarının hüquqları qorunacaq”, - Peskov brifinq zamanı müvafiq suala cavabında deyib.

Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu dünən Robert Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açıb. Bu iş çərçivəsində onun böyük oğlu Sedrak Köçəryan və daha doqquz nəfər həbs edilib.

Dünən Korrupsiyaya qarşı Mübarizə Komitəsində dindirilmə zamanı Robert Koçaryanın səhhəti pisləşib və dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Müalicəsi bitdikdən sonra məhkəməyə çıxarılacaq Ermənistanın keçmiş prezidenti barəsində də həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Artıq müalicəsi bitdikdən sonra saxlanılaraq məhkəməyə gətirilməsi üçün vəsatət təqdim olunub.