Ermənistan ehtimal olunan yeni səfərbərlik dalğasına görə ölkəni tərk edə biləcək Rusiya Federasiyası vətəndaşlarını qəbul etməyə hazırdır. 

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bəyan edib. 

Onun sözlərinə görə, ölkə hakimiyyəti rusiyalılar üçün sərhəddə əlavə yoxlamalar tətbiq etməyi planlaşdırmır və ehtiyac yarandıqda onlara köməklik göstərməyə hazırdır. 

İrəvanda həmçinin bildirilib ki, Rusiya vətəndaşları Ermənistanda ehtiyac duyduqları qədər qala bilərlər.

Xatırladaq ki, oxşar vəziyyət 2022-ci ilin sentyabrında elan edilən qismən səfərbərlik zamanı yaşanmış, yüz minlərlə rusiya vətəndaşı ölkəni tərk edərək vizasız rejim olan Gürcüstan, Ermənistan, Qazaxıstan və Türkiyəyə axın etmişdi. 

Bu ilin avqust ayında isə növbəti səfərbərlik şayiələrinin fonunda Gürcüstan sərhədindəki "Yuxarı Lars" keçid məntəqəsində yenidən böyük tıxaclar yarandığı bildirilib. Rusiya Federal Gömrük Xidməti rəsmi olaraq "Yuxarı Lars" məntəqəsindən bir sutka ərzində 19-20 mindən çox insanın keçdiyini açıqlayıb. Gürcüstan tərəfi isə bu rəqəmi təkzib edərək giriş-çıxışın ümumilikdə 16 min civarında olduğunu bildirib.

"AzPolitika.info"