Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın “Cənubi Qafqaz Dəmir Yolu” (CQDY) ASC-nin konsessiya hüquqlarını üçüncü tərəfə ötürmək niyyətini Qərbin İrəvana təzyiqi və şantajı kimi qiymətləndirib.

“Interfax” agentliyinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Moskva baş verənləri Qərbin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq cəhdi hesab edir:“Konsessiya hüququnun başqasına devredilməsi məsələsi əvvəllər heç vaxt gündəmə gəlməyib. 

Ermənistan rəsmilərinin şantaja məruz qalması çox ehtimal olunandır. Onlardan nəqliyyat sektorunda Rusiya amilinin ləğvi tələb olunur, əvəzində isə milyonlarla dollarlıq investisiyalar və iqtisadi baxımdan səmərəliliyi şübhə doğuran layihələrdə iştirak vəd edilir”.

Rusiya tərəfi Ermənistanın "Rusiya idarəçiliyi beynəlxalq logistika layihələrinə inteqrasiyaya mane olur" mövqeyini qətiyyətlə təkzib edib. Nazirlik bildirib ki, İrəvan tərəfdaşlıq qaydalarına zidd olaraq məsələni danışıqlar masasında deyil, ictimai müstəvidə qabardır və qarşı arqument təqdim etməkdə çətinlik çəkir.

Bəyanatda həmçinin vurğulanıb ki, CQDY öz öhdəliklərini məsuliyyətlə yerinə yetirib və Ermənistanın dəmir yolu infrastrukturuna, eləcə də vaqon parkının yenilənməsinə 30 milyard rubldan çox vəsait yatırıb.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan dəmir yollarının idarəçiliyinin Rusiyada qalacağı təqdirdə ölkəsinin beynəlxalq nəqliyyat şəbəkələrinə qoşulmaq imkanlarını itirəcəyini bəyan edib. Paşinyan Rusiya tərəfindən CQDY-nin konsessiya hüquqlarının üçüncü bir ölkəyə satılmasını tələb edib.

Rasim Əliyev

“AzPolitika.info”