İran BMT-ni ABŞ-nin məcburedici tədbirlər və ikinci dərəcəli sanksiyalardan istifadəsini pisləməyə çağırıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda qeyd olunub.

"İran həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş katibindən bu tədbirlərin humanitar və insan hüquqları nəticələrini, o cümlədən mülki vətəndaşların qida, dərman, səhiyyə, enerji, nəqliyyat, humanitar yardım və ləyaqətli həyat sürmək üçün digər zəruri şərtlərə çıxışına təsirini qiymətləndirməsini və hesabat verməsini, eləcə də gələcəkdə müvafiq sübutların müstəqil şəkildə qiymətləndirilməsini, sənədləşdirilməsini və qorunmasını təminini xahiş edir", - məktubda bildirilib.

Əraqçi vurğulayıb ki, İran zərərin ödənilməsinin həyata keçirilməsi üçün mövcud olan bütün yolları izləmək hüququnu özündə saxlayır və pozuntu törədənləri məsuliyyətə cəlb edə bilər: "ABŞ İran xalqına dəymiş zərərlərə görə tam beynəlxalq məsuliyyət və müvafiq hüquqi elementlər müəyyən olunduğu təqdirdə, fərdi cinayət məsuliyyəti daşıyır".

Daha əvvəl Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edib.