Çin hökumətinin insanabənzər (humanoid) robotlar sahəsindəki iddialı layihələri texnoloji bum yaratsa da, mütəxəssislər sahənin kommersiya cəhətdən hələ də ciddi böhranla üz-üzə olduğunu bildirirlər. "Reuters" agentliyinin Çinin cənubundakı Lyoçjou şəhərində yerləşən Təlim Mərkəzindən hazırladığı reportaj hökumət dəstəyi ilə süni intellekt və robototexnikaya yatırılan milyonlarla dolların real imkanlarla üst-üstə düşmədiyini üzə çıxarıb.
Ötən ilin oktyabrında Quarst-Çjuan Muxtar Rayonunun yerli hökuməti robot istehsalçısı "UBTech" şirkətinə 18 milyon dollarlıq dövlət tenderi verərək 100-dən çox humanoid robotla təchiz edilmiş mərkəz yaradıb. Məqsəd robotlara fiziki dünyada sərbəst qərar vermək və fəaliyyət göstərmək bacarığı - "fiziki süni intellekt" vərdişləri aşılamaqdır.
Təlimçilər xüsusi kaskalar və sensorlu pultlar vasitəsilə robotlara fincanda qəhvə hazırlamaq, əriştə paketləmək və qutuları çeşidləmək kimi bəsit işləri öyrətməyə çalışırlar.
Lakin reallıq kifayət qədər acınacaqlıdır: Hətta təcrübəli təlimçi belə robotun bir dəqiq, istifadəyə yararlı hərəkət etməsi üçün 50 cəhd etməli olur. Təcrübəsizlərdə isə bu göstərici 300 cəhdə 1 nəticədir.
Yüksək əməliyyat xərcləri və bazarda təlim məlumatlarının ucuz olması səbəbindən dövlət subsidiyalarından asılı olan mərkəzin gəlir əldə etmək üçün heç bir aydın biznes modeli yoxdur.
Çin üçün bu texnologiyalar strategiya məsələsidir. Ölkədə əhalinin sürətlə qocalması və azalması ucuz işçi qüvvəsi üstünlüyünü sıradan çıxarır. Digər tərəfdən, hərbi tədqiqatçılar bu robotların gələcək silah sistemlərində tətbiqini araşdırırlar.
Sənaye mütəxəssislərinin fikrincə, Çin dünyada analoqsuz hardware (aparat təminatı) istehsal etsə də, robotların "şüuru" və intellekti çox geridə qalır. Konfranslarda və internetdə şou xarakterli konq-fu göstərən, boks oynayan və ya rəqs edən robotlar, intuitiv qərarvermə tələb olunan real fabriklərdə aciz qalırlar.
"Interconnected Capital" fondunun təsisçisi Kevin Sünün sözlərinə görə, hökumət dəstəyi ilə süni şəkildə böyüdülən bu sektorda tezliklə kütləvi iflaslar və birləşmələr baş verəcək: "Erkən və ya gec bazarda böyük bir konsolidasiya olacaq. Məsələ sadəcə kimin sıradan çıxacağı və bu prosesin nə dərəcədə ağrılı olacağıdır".
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər